Aİ Çini Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə çağırıb
Avropa İttifaqı (Aİ) liderləri gələn həftə Ukraynadakı münaqişəyə son qoymağa kömək etmək üçün Çinə müraciət etməyə hazırlaşırlar.
AFN.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi siyasi blokun yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir.
"Avropa həmçinin Çini iqlim dəyişikliyi kimi qlobal problemlərin həllində iştirak etməyə və Avropa İttifaqı ilə iqtisadi əlaqələrini balanslaşdırmağa çağırır", - deyə Aİ rəsmisi bildirib.
Avropa İttifaqı liderlərinin 29-30 iyun tarixlərində Brüsseldə keçiriləcək zirvə toplantısında əsas müzakirə mövzularından biri də Çin olacaq. Pekinə çağırış sammitdən əvvəl hazırlanmış nəticələr layihəsində öz əksini tapsa da, sənəd hələ də dəyişdirilə bilər.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Çinin baş naziri Li Çianqla ikitərəfli danışıqlar zamanı Çini Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya təzyiqi artırmağa çağırdığını bildirib.