Argentina hökuməti Baydendən dəstək istəyib
Argentina hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) ilə yenidən danışıqlara dəstək məqsədilə region ölkələrinin liderlərinin imzaladığı məktubla ABŞ prezidenti Co Baydenə müraciət edib.
Argentina Xarici İşlər Nazirliyinin saytında dərc olunan məktubun Braziliya, Meksika, Çili, Kolumbiya, Boliviya və Paraqvay liderləri tərəfindən imzalandığı və Baydendən BVF ilə danışıqlara dəstək verməsinin istəndiyi bildirilib.
Məktubda deyilir: "Biz sizdən Argentinanı danışıqlarda dəstəkləməyinizi hörmətlə və mehribanlıqla xahiş edirik. Siz Amerikada demokratiya, insan hüquqları və sosial inklüzivliyin ortaq prinsipləri çərçivəsində Argentina üçün sürətli və effektiv həll yoluna rəhbərlik etməlisiniz".
BVF-nin Ukraynadakı müharibə, epidemiya və quraqlığın iqtisadiyyata təsirlərinə biganə qalmaması lazım olduğu vurğulanan məktubda "Şərt dəyişikliyini nəzərə almayan tələblər Argentinada davam edən bərpa prosesini pozur. Bu, tarazlığa mane olur, risk altında olan ödənişlər var və bu arzuolunan deyil" - deyə qeyd edilir
Məktubda həmçinin deyilir: "Fövqəladə hallar fövqəladə cavablar tələb edir. Mövcud vəziyyətin əsas səbəblərindən biri BVF-yə misli görünməmiş borcdur. Biz Argentinanın böyüməsinə, iş yerlərinin açılmasına və ixracın artırılmasına imkan verəcək həll yolu üzərində işləyirik. Bütün bunlar kreditin ödəmə müddətlərini qarşılamaq üçün zəruri şərtlərdir".
Argentina Prezidenti Alberto Fernandes tvitterdən məktubu imzalayan Braziliya Prezidenti Luis İnasio Lula da Silva, Meksika Prezidenti Andres Manuel Lopez Obrador, Kolumbiya Prezidenti Qustavo Petro, Çili Prezidenti Qabriel Borik, Boliviya Prezidenti Luis Arce və Prezident Paraqvay Mario Abdo Benitesə təşəkkür edib.
Argentina mətbuatında çıxan xəbərlərdə ölkənin bu həftə BVF-yə ödənilməsi nəzərdə tutulan 2 milyard 700 milyon dollarlıq kreditin yalnız 1 milyard 900 milyon dollarını aktivləşdirdiyi bildirilib.
Ölkədəki maliyyə disbalansı və valyuta böhranı ilə mübarizə aparan hökumət BVF-yə haqqını da ödəməyə çalışır.