ABŞ sanksiyaları səbəbiylə İranın İraqda dondurulan 10 milyard dolları sərbəst buraxılıb
İranın İraqda ABŞ-ın sanksiyaları səbəbindən bloklanan 10 milyard dolları sərbəst buraxılıb.
AFN.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran-İraq Ticarət Palatasının sədri Yəhya Əl İshaq bildirib. O, İran-İraq Ticarət Palatasının iclasındakı çıxışında ölkəsinin sanksiyalara görə dondurulan valyuta ehtiyatlarının sərbəst buraxılması ilə bağlı prosesləri dəyərləndirib.
"İraqdan tələbimiz 10 milyard dollar idi. İraq naziri 10 milyard dollarlıq tələbi təsdiqlədi və bu məbləğin İraq Ticarət Bankına (TBI) yatırılmasına göstəriş verdi" - deyə Əl İshaq bildirib.
İran rəsmisi qeyd edib ki, sözügedən pulların istifadəsi ilə bağlı müqavilə sanksiya altına düşməyən əsas ehtiyaclar və dərmanlar kimi məhsulları əhatə edir.
İran Cənubi Koreyanın neft ixracından əldə etdiyi və bu ölkədəki banklarda saxladığı 7 milyard dollarlıq valyutasına ABŞ-ın birtərəfli bank sanksiyaları səbəbindən çıxış edə bilmir.
Cənubi Koreyanın “The Korea Economic Daily” qəzeti mayın 30-da yazıb ki, İranın Cənubi Koreyada saxladığı 7 milyard dollarlıq aktivlərinin sərbəst buraxılmasını təmin etmək üçün Vaşinqton və Seul arasında danışıqlar aparılıb.
İranın xəbər agentliyi ISNA iyunun 6-da dərc etdiyi xəbərdə ABŞ-ın birtərəfli bank sanksiyaları səbəbindən Tehranın İraqdakı 10 milyard dollarlıq və Cənubi Koreyadakı 7 milyard dollarlıq dondurulmuş aktivlərini sərbəst buraxmağa razılaşdığını açıqlayıb.
İran və ABŞ arasında dolayı danışıqlar davam edərkən, iyunun 10-da İranın İraqda dondurulmuş aktivlərindən 2 milyard 700 milyon dolların azad edildiyi bildirilir.