"Qarabağ"ın oyunu azarkeş sayına görə ikinci, "Qalatasaray"ın matçı birinci olub
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
“Report”un məlumatına görə, 12 matçı ümumilikdə 219 366 tamaşaçı izləyib.
Ən çox fanat “Qalatasaray” (Türkiyə) - “Jalgiris” (Litva) qarşılaşmasında qeydə alınıb. Türkiyə klubunun 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 41 505 tərəfdar olub.
“Qarabağ”ın Bakıda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 31 257 nəfər olub.
Qeyd edək ki, “Qarabağ” iki oyunun cəmində 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, Avropa Liqasının III təsnifat mərhələsinə yuvarlanıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya təmsilçisi HIK olacaq.