BMT TŞ Kosovo məsələsi ilə bağlı təcili toplana bilər
Serbiya prezidenti Aleksandar Vuçiç Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından "Kosovo məsələsi ilə bağlı" təcili iclas keçirməyi tələb edəcəklərini bildirib.
Serbiya prezidenti Aleksandar Vuçiç paytaxt Belqradda xalqa müraciətində Kosovoda qüvvəyə minən nağd əməliyyatlarda Serb dinarının istifadəsini qadağan edən tənzimləmə ilə bağlı açıqlamalar verib.
Ölkədə Serb dinarının istifadəsinin Kosovo Baş naziri Albin Kurti tərəfindən qadağan edildiyini bildirən Vuçiç bu qərarın serbləri qəsdən dözülməz həyat şəraitinə məruz qoymaq olduğunu bildirib.
Vuçiç həmçinin, sözügedən qərarın serbləri bölgədən sürgün etmək məqsədi daşıdığını iddia edərək, “Kosovo təhlükəsizlik qüvvələrinin ölkədə serblərin yaşadığı bölgələrə basqın etdiyini” deyib.
Beynəlxalq tərəfdaşları ilə işləməyə və görüşməyə davam edəcəklərini bildirən Vuçiç bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) “Kosovo məsələsi” ilə bağlı təcili iclasın keçirilməsini tələb edən məktub təqdim edəcəklərini qeyd edib.
Vuçiç həmçinin deyib: “Mən inanıram ki, Qərb tərəfdaşları öz vədlərinə əməl edəcək və Kosovodakı serb əhalinin fundamental hüquqları uğrunda mübarizə aparmağa çalışacaqlar”.
Kosovo Mərkəzi Bankı (BQK) ölkədə nağd ödəniş əməliyyatlarında istifadə oluna bilən yeganə valyutanın avro olduğunu tənzimləyən qaydanın qüvvəyə mindiyini açıqlayıb.
Avro 2002-ci ildən Kosovoda rəsmi valyuta olsa da, əsasən serblərin məskunlaşdığı qəsəbələrdə ödənişlər və maaşlar üçün Serb dinarı istifadə olunurdu.