Ermənistanın yenidən müharibəyə başlaması ehtimalı ciddi görünmür – Arzu Nağıyev
Fransa Azərbaycana qarşı ildırımsürətli müharibə planı hazırlayıb.
AFN.az xəbər verir ki, belə bir iddia ilə Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə” analitik-informasiya proqramınm müəllifi və aparıcısı Rövşən Məmmədov çıxış edib. O, detallarla bağlı danışarkən Fransa və Ermənistanın hazırladığı hücumun istiqamətini də açıqlayıb: "Hücum qəfil olmalı və Cermuk istiqamətindən reallaşdırılması planlaşdırılıb”.
Bu iddia nə qədər gerçəkdir? Ermənistan Azərbaycanla yenidən müharibəyə başlaya bilərmi? Deputat Arzu Nağıyev AFN.az-a açıqlamasında bildirdi ki, Qərbin bir sıra dövlətləri, eyni zamanda ABŞ, Ermənistandan bir vasitə kimi istifadə etməklə Cənubi Qafqazda nəyin bahasına olursa olsun, nüfuz sahibi olmaq istəyir: “Hətta deyərdim ki, bitmiş nüfuzlarını bərpa etmək üçün hər addımı atırlar. Fransaya gəldikdə, məlumdur ki, Azərbaycan torpaqları işğal altında olanda oralarda öz biznes fəaliyyətlərini quraraq bu və ya digər şəkildə çox ciddi vəsaitlər əldə ediblər. Bu gün demək olar ki, bu istiqamətdə bütün yollar bağlıdır. Buna görə də Fransa yenidən Ermənistanı vasitə seçərək Cənubi Qafqaza qayıtmağa cəhd edir. Məlum məsələdir ki, Fransanın bu günə kimi verdiyi silahlar elə də ciddi silahlar deyil və Ermənistan o silahlarla müharibə apara bilməz. Bilindiyi kimi, Rusiyanın özü də vaxtilə bağlanmış müqavilələrlə əlaqədar müəyyən silah-sursatı Ermənistana verməyə başlayıb, Hindistanla olan müqavilələr də var. Amma bunların heç biri bugünkü hazırlıqlı Azərbaycan ordusunun qarşısında dayanmaq imkanında deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün kifayət qədər müasir silah-sursata, döyüşkən orduya, xarici və daxili siyasətə malikdir”.
A.Nağıyev ciddi-cəhdlə qoşunların güzgüvari çəkilməsi, hansısa müşahidə missiyanın sərhəddə yerləşdirilməsi məsələsinin gündəmdə saxlandığını xatırlatdı: “Çalışırlar ki, o ərazidə vizual kəşfiyyatçılar müşahidəçi adı ilə otursunlar. Paşinyanın verdiyi son bəyanat ki, sülh bərqərar ola bilməz, çünki onların konstitusiyasında müstəqillik aktı deyilən qondarma maddə var, hansı ki, qondarma qurumla Ermənistanın birləşməsi haqda 1989-cu il 1 dekabr tarixli “sənəd”lərə əsaslanır, bunların hamısı bir anonsdur, sülhün bərqərar olmasına maneələrdir. Lakin belə ciddi müharibənin baş verməsi, Fransanın Ermənistanı buna cəlb etməsi inandırıcı görünmür. Çünki istər Türkiyə, istər NATO-nun digər üzv dövlətləri, Azərbaycanın tərəfdaşları qəti imkan verməz buna. Heç Ermənistan özü də bunu istəməz. Ona görə ki, darmadağın olmuş iqtisadiyyatı, zəifləmiş ordusu buna imkan vermir. Sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması Ermənistanı bu gün düşdüyü ağır vəziyyətdən çıxara biləcək ən ciddi amildir”.
HƏBİBƏ