Ərköyün, şıltaq uşaq yetişdirənlərə dərs olsun! - RƏY
AFN.az xəbər verir ki, hüquqşünas-kriminalist İlqar Altay baş verən qətlin dərin ictimai təəssüf və xeyli hiddət doğurucu ağır hadisə olduğunu deyib. Onun fikrincə, bu, birdən-birə baş verməyib: "Ata-ana, kiçik qardaşı, bacısı və bacısının 5 yaşlı körpəsini kəsib baltalama yolu ilə öldürmə aqressivliyi və qəddarlığı... Belə bir şəxsdə belə hal, birdən-birə baş verə bilməzdi. Belə emosional partlayış, öncə titrəmələr verir.
Bu şəxsdə əvvəllər də belə təhlükəli təzahürlər olmamış deyil. Və belə vəhşi təbiətli psixopatın aqressiv hərəkətlərini vaxtında "malalamaq" və ört-basdır etməklə, onu ciddi nəzarətdə təcrid əvəzində psixatrik disponserdən açıb cəmiyyət içinə buraxmaq, artıq bu faciəyə yol açmaq idi.
Hamısı imkanlı oldunsa, hər cür defektli övladı əzizləmək, istənilən anti-məişət və anti-ictimai zərərli davranışını müxtəlif "vasitələrlə" gizlədib ört-basdır ilə, cəzasız, təcridsiz qoymaqdandır. Rüşvət, korrupsiya, tapşırıq, zənglər hesabına! Nəticəsi də bir vəhşinin bir nəsli məhv etməsi. Dərs olsun, ərköyün, şıltaq uşaq yetişdirənlərə. Övladının azğınlığında qəhrəmanlıq görənlərə".
İ.Altay illər əvvəl Bakıda baş verən bir dəhşətli hadisəni bu cür hallara misal kimi çəkib. "1980-ci ildə Bakıda məşhur Bərbərovlar ailəsini körpəlikdən zooparkdan götürüb, mənzillərində əzizləyib, tapşırıqla qanunsuz saxladıqları vəhşi şir böyüyərək özlərini parçalayıb öldürdü" - deyə o, xatırlatma edib.