Afrikada eşşək dərisi ticarəti qadağan edilib
Afrika Birliyi 37-ci Afrika İttifaqı Sammitində eşşək dərisi ticarətini qadağan edib. Qadağaya səbəb qitədə eşşək sayının azalması ilə izah edilib.
Afrika liderləri həftə sonu Efiopiyada keçirilən Afrika İttifaqının 37-ci Sammitində iştirak ediblər. Sammitdə eşşək dərisi ticarətinə qadağa qoyulub.
Başda Çin olmaqla bəzi ölkələrin eşşək dərisindən əldə edilən jelatinə tələbatı son illərdə dünyadakı eşşəklərin böyük hissəsinə malik olan Afrikada reaksiyalara səbəb olub.
Qərardan sonra açıqlama verən Böyük Britaniyada yerləşən "Eşşək Qoruğu" eşşək mühafizəsi dərnəyi qərarla həm 33 milyon eşşəyin, həm də işlərində heyvanlardan istifadə edən minlərlə yerli icmanın dolanışıq vasitələrinin qorunduğunu bildirib.
Dünyadakı eşşəklərin üçdə ikisinin yaşadığı Afrikada eşşəklərdən həm nəqliyyatda, həm də daşımada geniş istifadə olunur.
Çinin Afrika ölkələrindən eşşək idxal etməsinin ən mühüm səbəbi, eşşək dərisindən əldə edilən “ejiao” adlanan jelatin tərkibli məhsullara tələbatın artmasıdır.
Çində xüsusilə tibb sahəsində çoxməqsədli istifadə edilən “ejiao” məhsulları gəncliyin iksiri hesab edilir və statistikaya görə bu məhsullar üçün Çində hər il 4 milyon eşşək kəsilir.
Afrikada eşşək populyasiyasının azalmasının digər səbəbi Çinin eşşək əti idxal etməsidir.