“At, eşşək ətlərini satmaq qanuna zidd deyil” - hüquqşünasdan maraqlı AÇIQLAMA




At və eşşək ətlərinin satışı yenidən gündəmdədir. AFN-in məlumatına görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat nəticəsində Bərdənin Alaçadırlı kəndində 255 kiloqram yaxın yararsız ət ələ keçirilib. “Bala Tofiq” ləqəbli Tofiq Qurbanova məxsus həyətdə aşkar edilən ətlərin mənşəyi məlum deyil.



Adətən ekspertiza nəticəsində at, yaxud da eşşəyə məxsus olduğu ortaya çıxan bu cür ətlər bəzi restoran, dönərxana və başqa obyektlər tərəfindən satın alınaraq, mal əti adı ilə əhaliyə yedirdilir. Bu zaman belə bir sual ortaya çıxır. At və eşşək ətlərini elə öz adları ilə satışa çıxarmaq olarmı? Yəni qəssab açıq şəkildə, insanları mal əti adı ilə aldatmadan eşşək əti də sata bilər? Qanunvericiliklə bununla bağlı hər hansı bir qadağa, məhdudiyyət varmı?

Hüquqşünas Əlövsət Allahverdiyev AFN-in suallarına cavab olaraq bildirdi ki, at və eşşək ətlərini satmaq qanuna zidd deyil: “Doğrudur, dünyanın bir çox ölkələrində at və eşşək ətləri normal qida kimi qəbul olunur. Bizim cəmiyyətdə isə hər iki heyvanın əti istehlak edilmir. Lakin Azərbaycanda da kimsə istəsə, at, eşşək ətlərini yeyə, bu ətləri açıq şəkildə, elə öz adları ilə sata bilər. Qanunla qadağan edilmir və satılması mümkündür”.

Ə.Allahverdiyev onu da qeyd etdi ki, qanun at və eşşək ətlərini mal əti adı ilə satmağa, vətəndaşları aldatmağa icazə vermir: “Qanunvericilikdə ümumən qida təhlükəsizliyindən bəhs olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində at və eşşək ətlərinin satışı qadağan edilməyib. Eyni məcəllənin 220-ci maddəsində bildirilir ki, əhalinin qidalanmasının təşkilinə, satışına dair texniki normativ hüquqi aktlar pozularsa, fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 100 manatdan 200 manatadək, hüquqi şəxslər isə 200 manatdan 400 manatadək cərimə ödəməlidir. Göründüyü kimi, maddədə sadəcə texniki normativlərdən bəhs edilir. Konkret olaraq, at və ya eşşək ətlərinin satılması qadağan olunmur, bir sözlə bunu qadağan edən norma yoxdur”.

Müsahibin sözlərinə görə, istehlakçıları aldatmaq, mal əti əvəzinə eşşək və ya at ətlərini satmaq cinayətdir: “Bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə qadağan olunur. 200-cü maddəyə əsasən, istehlakçıları aldadan şəxslər 3 min manatdan 5 min manatadək cərimə olunur. Eyni əməllər təkrar törədildikdə isə 5 min manatdan 7 min manatadək cərimə və ya 6 ayadək həbs cəzası verilir”.

Əhalinin böyük əksəriyyətinin müsəlman olduğunu nəzərə alaraq, mövzu ilə bağlı islamın da mövqeyini öyrənməyə çalışdıq. İlahiyyatçı Samir Əzizov AFN-ə bildirdi ki, dini rəvayətlərə əsasən at, eşşək və qatır ətləri haram deyil, lakin məkruh (bəyənilməyən) əməldir: "Haram olmadığı üçün də kimsə yesə, günah sayılmır. Lakin qeyd etdiyim kimi, bəyənilmir, yeyilməməsi məsləhətdir”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu