Hindistanda təravih namazı qılan universitet tələbələri hücuma məruz qalıb


Hindistanın Qucarat əyalətinin Əhmədabad şəhərində universitet yataqxanasında təravih namazı qılan əcnəbi müsəlman tələbələr daş və dəyənəklə hücuma məruz qalıb.



“India Today”in məlumatına görə, Qucarat Universitetində yataqxana otaqlarında təravih namazı qılan şəxslərin hücuma məruz qalması nəticəsində yaralanan iki tələbə xəstəxanaya aparılıb.

Müsəlman tələbələrə daş və çubuqlarla hücum edən qrup tələbələrin qaldığı yataqxana otaqlarını da dağıdıb.

Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada əyalət hökumətinin hadisəni törədənlərə qarşı sərt tədbirlər görəcəyi bildirilib.

Açıqlamada hadisənin əyalət səlahiyyətliləri ilə müzakirə edildiyi qeyd edilib.

Açıqlamaya görə, xəsarət alan tələbələrdən biri müalicə olunduqdan sonra evə buraxılıb, digər tələbənin isə müalicəsi davam edir.

Hücuma məruz qalan tələbələr mətbuata bildiriblər ki, yataqxanada namaz qılmalarına mane olmaq istəyən tələbələr onlara hücum ediblər.

Tələbələr əvvəlcə 15 nəfər olan hücumçuların sayının sonradan 200-ə yüksəldiyini qeyd ediblər.

Qucarat Universitetinin prorektoru Neerja Arun Qupta da universitetin əcnəbi tələbələrin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyini bildirib.

Qupta hadisənin son dərəcə vacib və aktual bir məsələ kimi qiymətləndirildiyini və təravih namazı ilə bağlı ehtiyaclarını anlamaq üçün tələbələrlə görüşəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu