Sabiq baş məşqçi: Neftçi”nin ancaq adı qalıb
Ötən gün baş tutan Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ” - "Neftçi” ilə qarşılaşdı.
İlk oyunda olduğu kimi bu dəfə də qələbə qazanan (4:1) Ağdam klubu kubokun finalına adını yazdırdı. Ümumilikdə həm ilk həm cavab görüşlərində Qurban Qurbanovun komandası "Neftçi”nin qapısından səkkiz top keçirməyi bacardı. Son oyunda isə demək olar ki, "Qarabağ” ölkə futbolundakı prinsipial rəqibi ilə məzələnə-məzələnə oynadı.
"Neftçi”nin sabiq baş məşqçisi "Şöhrət” ordenli mütəxəssis Ağasəlim Mircavadov Qaynarinfo-ya açıqlamasında son vaxtlar durumu daha da bərbadlaşan komandanın niyə bu vəziyyətə düşməsinin səbəblərini izah etməyə çalışdı:
"Ümumiyyətlə, "Neftçi”nin son illərdə nə istədiyi bilinmir. Ancaq adı qalıb. Əvvəllər "Neftçi”nin bazası var idi. İndi isə yoxdur. Bakıxanov qəsəbəsindəki bazanın da neçə illərdir üstünü tikiblər, içi qalıb. "Qarabağ”ın əvvəllər Bakıda bazası yox idi, müxtəlif yerlərdə, otellərdə qalırdılar. Sonradan Suraxanıdakı stadionu "Qarabağ”a verdilər və baza tikdilər və orada futbola lazım olan hər şəraiti yaratdılar. Qayda belədir, ya peşəkarsan, ya da qeyri-peşəkar. Peşəkar komandasansa, hər gün səhər bazaya gəlib, axşam evə qayıtmalısan və gündə iki məşq keçməlisən. Üstəlik taktiki söhbətlər-filan da orada olunmalıdır. Mən 2004-cü ildə "Neftçi”də işləyəndə bazada qalırdım. Bilirsiniz, "Neftçi” indi onlara yaraşmayan yerdədir. Avtobusla "Razin”ə gedib, məşq edib qayıdırdıq. İndi maşallah orada 3-4 meydança var. Amma baza yoxdur. Əsas olan infrastrukturdur, yalnız bundan sonra rəhbərlik nə istədiyini müəyənləşdirə bilər”
Mircavadov tez-tez dəyişiklik edilməsinin uğur gətirmədiyini deyir:
"İki-üç ildən bir rəhbər dəyişiləcəksə, əlbəttə, fərqli məşqçilər də gələcək və uğur olmayacaq. Son yeddi-səkkiz ildə ən çox legioner alan klub "Neftçi”dir. Elə ən çox legioner yola salan da bu klubdur. Əlbəttə, hər il baş məşqçi dəyişəcəksə, heç nə olmayacaq. "Bu legionerlər top saxlaya bilmirlər” yaxşı sözdür. Onları üç-beş manata gətirməyiblər. Həmişə legioner oynatmağın tərəfdarı olmuşam. Az alsınlar, ancaq keyfiyyətli olsun. "Neftçi” yerli bazarda həm "Qarabağ”a, həm "Sabah”a uduzdu. Məlumdur ki, futbolda oyun zamanı "istirahət” də olmalıdır. Komanda oyun ərzində istirahət etməyi bacarmalıdır. Bunu da top saxlamağın hesabına etmək mümkündür”.