Putin: Rusiyanın suverenliyinə təhlükə yaranarsa, əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik


Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyanın nüvə silahından istifadə ehtimalına məhəl qoymadığını ifadə edərək, "Əgər kiminsə hərəkəti suverenliyimizi və ərazi bütövlüyümüzü təhdid edirsə, ixtiyarımızda olan bütün vasitələrdən istifadə etməyin mümkünlüyünü düşünürük. Buna yüngül yanaşmaq olmaz" deyib.



Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində “Lahta Center”də dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırıb.

Ukrayna ordusunun müharibədə hər ay təxminən 50 min insan itirdiyini bildirən Putin, “Ukrayna ordusu hər ay təxminən 30 min adamı səfərbər edir. Son iki ayda 50-55 min insanı səfərbər ediblər, amma bu problemi həll etmir. Bütün bu səfərbərlik sadəcə olaraq itkiləri kompensasiya edir” qeyd edib.

Putin ABŞ-ın Ukraynaya səfərbərlik yaşını 18-ə endirməsi üçün təzyiq etdiyini də bildirib.

Qərb ölkələrinin Rusiyanı daim nüvə təhdidlərindən istifadə etməkdə ittiham etdiyini bildirən Putin bunu yanlış hesab etdiyini və İkinci Dünya Müharibəsində Yaponiyaya nüvə bombası tətbiq edən ölkənin ABŞ olduğunu vurğulayıb.

Ukrayna müharibəsinin nüvə müharibəsi riski yaradacaq bir vəziyyətə çevrilməməsi lazım olduğunu vurğulayan Putin, “Qərb ölkələri nədənsə Rusiyanın nüvə silahından heç vaxt istifadə etməyəcəyinə inanır. Bizim nüvə doktrinamız var. Əgər kiminsə əməli suverenliyimizə, ərazi bütövlüyümüzə təhlükə yaradırsa, biz hesab edirik ki, əlimizdə olan bütün vasitələrdən istifadə etmək olar. Buna yüngül yanaşmaq olmaz” ifadələrini işlədib.

Putin Rusiyanın NATO-ya hücum edəcəyi ritorikasını axmaqlıq adlandırıb və “Hamınız ağlınızı itirmisiniz? Bunu kim uydurdu? Bu tamamilə cəfəngiyatdır, başa düşürsən?” deyib.

Rusiyada müsəlman əhalinin artmasının onu narahat etmədiyini açıqlayan Putin, “Biz müsəlman əhalinin artmasının əleyhinə deyilik, əksinə Rusiya Federasiyasındakı mövcud vəziyyətdən razıyıq. Əhalisinin əksəriyyəti müsəlman olan bəzi respublikalarımızda doğum göstəricimiz çox yaxşıdır, çox sevinirik” bildirib.

Taliban mövzusunda faktlara söykənməsi lazım olduğuna diqqət çəkən Putin, Əfqanıstana nəzarət edən Taliban hökuməti ilə münasibətləri yaxşılaşdırmalı olduqlarını bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu