Sarkozi Makronun erkən seçki qərarını tənqid edib
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi prezident Emmanuel Makronun Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların qələbəsindən sonra parlamenti buraxmaq və növbədənkənar ümumi seçkilər təyin etmək qərarını tənqid edib.
Sarkozi “Le Journal de Dimanche” qəzetinə müsahibəsində qeyd edib ki, iyunun 9-da AP seçkilərində ifrat sağçı Milli Ralli (MN) partiyasının böyük fərqlə birinci olmasından sonra Makronun parlamenti buraxması “ölkə üçün, eləcə də prezident üçün böyük risk” yaradır.
Makronun parlamenti buraxma qərarının həddindən artıq sağçılara səs verən seçicilərin qəzəbini geri çevirməkdənsə, bəyənməsi ilə nəticələnə biləcəyini ifadə edən Sarkozi, ifrat sağın səsvermədə yenidən qalib gəlməsi riskinin olduğunu bildirib.
Sarkozi qurduğu Respublikaçılar Partiyasının (LR) ümumi seçkilərdə RN ilə ittifaqdakı vəziyyətini dəyərləndirərkən, LR-nin hazırkı lideri Erik Çiottinin ifrat sağçılarla müttəfiqlik barədə dediklərini “uyğunsuz” hesab etdiyini bildirib.
LR partiyasının lideri Çiottinin AP seçkilərindən iki gün sonra RN ilə ittifaq üçün yaşıl işıq yandırması respublikaçı siyasətçilərin təəccübünə səbəb olub və bir çox respublikaçı senatorlar birgə bəyanatla çıxış edərək bu ittifaqa qarşı olduqlarını bildiriblər.
Çiottinin qərarı partiya daxilində parçalanma və daxili qarışıqlığa səbəb olub, LR rəhbərliyi iyunun 12-də keçirilən fövqəladə toplantıda liderlərini partiyadan xaric etmək qərarına gəlib.