Avropa Birliyi 7 üzv ölkəyə büdcə intizamı prosesini tətbiq edəcək


Avropa Birliyi Komissiyası Fransa və İtaliya da daxil olmaqla 7 üzv ölkəyə büdcə kəsirlərinin yüksək olması səbəbindən intizam prosesinin başlanacağı barədə xəbərdarlıq edib.



Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrin iqtisadi vəziyyətləri ilə bağlı tövsiyələri özündə əks etdirən “Avropa Yaz Semestri Paketi” adlı araşdırmasını dərc edib.

Araşdırmada qeyd edilib ki, Komissiya Belçika, Çexiya, Estoniya, İspaniya, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa, Sloveniya, Slovakiya və Finlandiya üçün Avropa İttifaqının büdcə kəsirinə və dövlət borcu meyarları uyğunluğunu qiymətləndirmək üçün xüsusi olaraq hesabat hazırlayıb.

Aİ qaydalarına görə, normal şəraitdə üzv ölkələrin büdcə kəsiri Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizini, dövlət borcları isə ÜDM-in 60 faizini keçməməlidir.

Hesabatda Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiya üçün həddindən artıq büdcə açığı prosedurunun başladılması lazım olduğu qeyd edilib.

Birlik qaydaları üzv ölkələrin dövlət kəsirlərini və borclarını məhdudlaşdırır. Bu həddi aşdıqda həyata keçiriləcək tədbirlər barədə Aİ Komissiyasına məlumat verilməli və təsirli tədbirlər görülməlidir. Bununla belə Aİ ölkələrinin əhəmiyyətli bir hissəsi fiskal qaydalara əməl etmir.

İntizam proseduru həddindən artıq kəsiri olan ölkələri maliyyə siyasətlərini sərtləşdirməyə məcbur etmək məqsədi daşıyır.

Maliyyə qaydalarına əməl etməyən ölkələr intizam prosesinin sonunda cərimələnə bilər.

AB üzv ölkələri arasında 2023-cü ildə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr 161,9 faiz ilə Yunanıstan, 137,3 faiz ilə İtaliya, 110,6 faiz ilə Fransa, 107,7 faiz ilə İspaniya, və 105,2 faiz ilə Belçika olub.

Ən çox büdcə kəsiri olan AB ölkələri 7,4 faizlə İtaliya, 6,7 faizlə Macarıstan, 6,6 faizlə Rumıniya, 5,5 faizlə Fransa, 5,1 faizlə Polşa, 4,9 faizlə Malta və Slovakiya, 4,4 faizlə isə Belçika olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu