AK Kiyevə 4,2 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib


Avropa Komissiyası (AK) Ukrayna üzrə Fond çərçivəsində Kiyevə 4,2 milyard avro məbləğində büdcə yardımının yeni tranşının ayrılmasını təsdiqləyib.


Bu barədə AK prezidenti Ursula fon der Leyen X hesabında məlumat verib.

Fon der Leyen qeyd edib ki, bu məbləğ nəzərə alınmaqla, Ukrayna büdcəsinə Aİ-dən ayrılan vəsaitin ümumi məbləği 12 milyard avroya çatacaq ki, bu da proqramın icrasına başlanılan yanvarın 1-dən bəri hər ay 2 milyard avroya bərabərdir. Bu fonddan vəsaitin üçdə biri qrant, üçdə ikisi kredit şəklində ayrılır.

AK-nın bununla bağlı dərc etdiyi bəyanatda deyilir ki, bu fonddan büdcə yardımı yalnız Brüsselin iqtisadi şərtləri yerinə yetirildikdən sonra ayrılır.

Bu tranşı ayırmaq üçün Kiyev İqtisadi Təhlükəsizlik Bürosunda islahat aparıb, o cümlədən vergidən yayınma və iqtisadi cinayətlərə qarşı mübarizə ilə məşğul olan bu struktur üçün kadrların seçilməsi prosedurunu dəyişdirib. Bu xidmətin rəhbəri Brüsselin tələbi ilə altı nəfərdən ibarət xüsusi komissiya tərəfindən təyin olunmalıdır, onlardan üçü xarici ekspert olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu