Beynəlxalq Riyaziyyat Olimpiadasında son illərin ən uğursuz nəticəsini əldə etmişik


Dünyanın ən nüfuzlu beynəlxalq riyaziyyat olimpiadasının növbəti mərhələsi başa çatıb.


AFN.az xəbər verir ki, 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının (İMO) bağlanış mərasimi 21 iyul tarixdə Böyük Britaniyanın Bat şəhərində (University of Bath) baş tutub. Nəticələr bu gün açıqlanıb. İT üzrə mütəxəssis Osman Gündüz nəticələri şərh edərkən təəssüflə bildirib ki, Azərbaycan son 30 ilin ən uğursuz nəticəsini əldə edib: "Məktəblilərimiz yalnız 1 bürünc və 5 həvəsləndirici mükafat qazanıblar. 140-dan çox ölkə üzrə 75-ci yeri qazanmışıq. Ötən ilki nəticə daha uğurlu olmuşdu: 54-cü yer, 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat.
2022-ci ildə isə 34-cü yer, 1 gümüş, 4 bürünc medalı qazanmışdıq. Bu il komanda hesabında 21 pillə geriləyərək 75-ci yeri qazanmışıq.
Yeri gəlmişkən, Türkiyə bu olimpiadada çox uğurlu nəticə qazanıb: 2 qızıl, 2 gümüş , 2 bürünc, 9-cu yer. Türkiyə komandasının rəhbəri Azər Kərimovdur".
Olimpiadada Gürcüstan 1 qızıl, 3 bürünclə 45-ci yeri, Ermənistan 5 bürünclə 38-ci yeri, Özbəkistan 2 gümüş, 3 bürünclə 43-cü yeri, Qazaxıstan 3 gümüş, 2 bürünclə 25-ci yeri, Qırğızıstan 1 qızıl, 3 gümüşlə 29-cu yeri, Belarus 4 qızıl, 2 bürünclə 5-ci yeri tutub. O.Gündüzün sözlərinə görə, bu ilki nəticələr çox məyusedici və düşündürücüdür: "Ümid edirəm Elm və Təhsil Nazirliyi, Olimpiada Mərkəzinin rəhbəri Fuad Qarayev də fərqindədir. ETN, Olimpiada Mərkəzi olimpiadaya hazırlıq vəziyyətini tam yenidən qurmalıdır. Baş verənlər ciddi araşdırılmalıdır. Necə ola bilər axı, Respublika olimpiadasında qızıl medal alanlar burada bürünc əldə edə bilmirlər. Demək, hazırlıq prosesinin özünü yenidən qurmaq lazımdır.
Yeganə bürünc medal qazanan məktəblimizi- Sevinc Mahmudovanı (bilmədim hansı məktəbdir), valideynlərini, müəllimlərini və məktəb rəhbərliyini, olimpiada komandasını, repetitorlarını təbrik edirəm. Həvəsləndirici mükafat alan məktəblilərimzi də təbrik edirəm. Xatırladıram ki, bu nüfuzlu olimpiadada gümüş və bürünc medallar qazanmaq da çox yüksək nəticə, hətta həvəsləndirici yerləri tutmaq belə uğur hesab olunur".
Ekspert onu da vurğulayıb ki, Azərbaycan 30 ildən çoxdur ki, bu nüfuzlu beynəlxalq yarışmada iştirak etməsinə baxmayaraq, qızıl medal qazana bilməyib. İndiyədək ölkəmiz yalnız 10 gümüş və 45 bürünc medal qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu