Harris İsraillə ənənəvi güclü münasibətləri müdafiə edir
ABŞ prezidenti Co Baydenin noyabrın 5-də keçiriləcək prezident seçkilərindən geri çəkilərək namizədliyini dəstəklədiyi Kəmalə Harris hazırkı ABŞ prezidentinin İsrail xəttindən kənara çıxmamağa diqqət yetirib.
ABŞ-da prezidentliyə namizədliyi müzakirə edilən Harris ABŞ-ın təhlükəsizlik baxımından İsrailə güclü və sarsılmaz dəstəyinin müdafiəçiləri arasında olub və 7 oktyabr 2023-cü il tarixindən sonra da bu münasibətini davam etdirib.
İsraillə ənənəvi olaraq güclü münasibətlərin tərəfdarı olan Harrisin ritorikası İsrailin Qəzzada qətliamlarının artdığı və Bayden administrasiyasının Netanyahunu dolayısı ilə tənqid etdiyi dövrdə nisbətən fərqli olub.
2023-cü il oktyabrın 7-də Qəzzadan HƏMAS-ın başlatdığı hücumdan və İsrailin Qəzzada qırğınlara səbəb olan şiddətli hücumlarından sonra Harris, Baydenlə birlikdə İsrail və xalqı qarşısında öhdəliklərini çox ciddi qəbul etdiklərini və dəstəkləyəcəklərini söyləyib.
Fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransında Harris ABŞ-ın xarici siyasətinin ümumi diskursuna daxil olan iki dövlət həllini dəstəklədiyini ifadə edərək, bunun İsrail və Fələstinin sülh və təhlükəsizliyi üçün bir yol olduğunu bəyan edib.
Mart ayında İsrailin hücumlarının yaratdığı beynəlxalq hiddətin ABŞ rəhbərliyinə təzyiqi artırdığı bir vaxtda etdiyi çıxışında Harris Qəzzada humanitar vəziyyətə diqqət çəkərək insanların aclıqdan öldüyünü və İsrailin humanitar yardımın çatacağına daha çox əmin olması lazım olduğunu bildirmişdi.
Harris "CBS News"a verdiyi müsahibədə İsrail hökuməti ilə İsrail xalqı arasında fərq qoymağın vacib olduğunu vurğulayaraq, həm İsrail xalqının, həm də Fələstinlilərin eyni dərəcədə təhlükəsiz olmağa layiq olduğunu bildirib.
İsrail hökuməti Rəfah bölgəsinə böyük bir hücuma hazırlaşarkən, Harris mart ayında "ABC News"a demişdi: "Rəfahda istənilən böyük hərbi əməliyyat böyük səhv olardı. Mən xəritələrə baxdım, insanların gedəcəyi yer yoxdur və Rəfahdakı 1,5 milyon insan çarəsiz durumda qalar".
İranın aprel ayında İsrailə hücumundan sonra Harris ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayıb və belə hücumlara qarşı İsrailin yanında olduqlarını bildirib.
Harrisin bu həftə ABŞ-a səfər edəcək İsrailin baş naziri Netanyahu ilə görüşəcəyi gözlənilir.