Vüqar Ələkbərov platformasını açıqladı: idman zalları, kitabxanalar, nəqliyyat problemləri...

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində xeyli sayda həkim namizədlər iştirak edəcək.
AFN.az xəbər verir ki, bunlardan biri də plastik və rekonstruktiv cərrah Vüqar Ələkbərovdur. 15 saylı Yasamal birinci seçki dairəsində mübarizə aparacaq V.Ələkbərov ən şanslı namizədlərdən hesab edilir. Bunu namizədin keçirdiyi görüşlərdəki anşlaq və aparılan rəy sorğuları da sübut edib. V.Ələkbərovun seçicilərlə kütləvi görüşlərindən biri avqustun 24-də 2 saylı Tibb Kollecində keçirilib. Burada onun həyat və fəaliyyəti ilə bağlı məlumat verilib. Kifayət qədər geniş seçici kütləsinin iştirak etdiyi tədbirdə V.Ələkbərov özünün seçki platformasını açıqlayıb. Bildirib ki, seçiləcəyi təqdirdə 15 saylı Yasamal seçki dairəsini, seçiciləri Milli Məclisdə layiqincə təmsil edəcək. İndiyədək parlamentin ən aktiv deputatlarından olan mərhum Qənirə Paşayevanı xatırladan namizəd öz deputatlıq fəaliyyətində onun kimi diqqətli və peşəkar olacağına söz verib. Yasamal rayonu ərazisində idman zallarının, kitabxanaların sayının artırılması istiqamətində fəaliyyət göstərəcəyini deyən V.Ələkbərov bununla da gənclərin məşğuliyyətinin təmin olunmasına çalışacağını bildirib. O, həmçinin Yeni Yasamal ərazisində əsas problemlərdən olan nəqliyyat sahəsində yeniliklər üçün fəaliyyət göstərəcəyini qeyd edib.
Görüşdə iştirak edən yaşlı seçicilər çıxış edərək V.Ələkbərovun fəaliyyəti haqda məlumatlı olduqlarını, parlamentdə onları layiqincə təmsil edəcəyinə əminliklərini ifadə ediblər. V.Ələkbərovun gözəl bir ziyalı ailədən olduğunu deyən ağsaqqal və ağbirçək seçicilər ona səs verməyə çağırıblar.
Görüşdə eyni zamanda V.Ələkbərovun Vətən Müharibəsindəki fəaliyyəti də xatırladılıb. Bildirilib ki, o, Vətən Müharibəsi günlərində cəbhə bölgəsində həkim kimi təmənnasız xidmət göstərib. Çıxış edən Vətən Müharibəsi qaziləri həkimin əllərindən yüzlərlə yaralı hərbçimizin şəfa tapdığını bildiriblər və seçiciləri ona səs verməyə çağırıblar.