Azərbaycanda əhalinin borclanma səviyyəsi artdı
Bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə dörd faiz bəndi artaraq 23% təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunda bildirilib.
Məlumata görə, bu, I rüb ilə müqayisədə isə iki faiz bəndi artıb.
Sorğuya əsasən, respondent bankların 75%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25%-i isə orta dərəcədə artım olduğunu bildirib.
Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29%) olub.
Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 27 milyard 268,5 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1%, ilin əvvəlinə nisbətən 13,7%, illik müqayisədə isə 23,7% çoxdur.
Kredit qoyuluşunun 19 milyard 058,3 milyon manatı və yaxud 69,9%-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,9% çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 636,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 43,2% çoxdur.
İyulun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 573,8 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.