İnsan orqanizmində 3600 qida qablaşdırma kimyəvi maddəsi aşkar edilib


Alimlər qida məhsullarının qablaşdırılması və ya hazırlanma proseslərində istifadə olunan 3600-dən çox kimyəvi maddənin insan orqanizmində aşkar edildiyini, bəzilərinin sağlamlıq üçün təhlükəli, digərləri haqqında isə az məlumatın olduğunu açıqlayıb.



Sürixdə yerləşən Qida Qablaşdırma Forumu Fondundan Dr. Birgit Queke bu kimyəvi maddələrdən təxminən 100-nün insan sağlamlığı üçün yüksək risk yaratdığını bildirib. Məlum olan zərərli kimyəvi maddələr arasında PFAS və bisfenol A var. Hər iki kimyəvi maddə qadağan edilmə prosesindədir.

Qida qablaşdırmasında istifadə edilən bəzi kimyəvi maddələrin qida ilə insan orqanizminə necə keçdiyi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayan Queke, bu kimyəvi maddələrin qablaşdırmadan qidaya keçə biləcəyini və istehsal proseslərindən də qaynaqlana biləcəyini ifadə edib.

Əvvəllər 14 min qida ilə təmasda olan kimyəvi maddə (FCC) qeydə alan tədqiqatçılar biomonitorinq məlumat bazalarının tədqiqi nəticəsində insan orqanizmində 3 min 601 kimyəvi maddənin aşkar edildiyini müəyyən ediblər.

Queke bu kimyəvi maddələrin təkcə qida qablaşdırmasından keçmədiyini, həm də müxtəlif məruz qalma mənbələrinin də mümkün olduğunu bildirib.

PFAS və bisfenol A kimi kimyəvi maddələr son illərdə insan bədəninin müxtəlif yerlərində aşkar edilib və sağlamlıq problemləri ilə əlaqələndirilib.

Bu kimyəvi maddələrə həmçinin hormonları pozan təsirləri olan ftalatlar və daha az tanınmış oliqomerlər daxildir.

Queke bu kimyəvi maddələrin sağlamlığa təsirlərinin hələ də aydın olmadığını, xüsusən də plastik istehsalının yan məhsulları olan oliqomerlər haqqında çox az dəlil olduğunu bildirib.

Bununla belə, o, kimyəvi maddələrin bir-biri ilə qarşılıqlı əlaqədə ola biləcəyi və daha böyük risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.

Araşdırmada qeyd olunub ki, Avropa İttifaqı qida qablaşdırmasında PFAS və bisfenol A-nın istifadəsini qadağan etmək üçün son mərhələdədir.

Tədqiqat “Journal of Exposure Science and Environmental Epidemiology” jurnalında dərc olunub.

Mənbə: AFP



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu