Yadplanetlilər iqlim dəyişikliyi səbəbindən yoxa çıxa bilərlər


Yeni elmi araşdırma inkişaf etmiş sivilizasiyaların enerji istehlakı səbəbindən yaşayış üçün əlverişli planetlərini itirmək təhlükəsi ilə üzləşə biləcəyini ortaya qoyub. Bu araşdırma niyə yadplanetli sivilizasiyalarla qarşılaşmadıq sualına cavab ola bilər.


Sənaye inqilabından bəri Yer kürəsində müşahidə olunan qlobal istiləşmə planetimizdə həyatı təhdid edən mühüm problemə çevrilsə də, bu vəziyyət təkcə Yerlə məhdudlaşmaya bilər. Tədqiqatçılar bu prosesin digər inkişaf etmiş sivilizasiyalarda da oxşar nəticələr verə biləcəyini iddia edirlər.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, 1850-ci ildən bəri Yerin orta temperaturu hər on ildə 0,06°C artıb. Lakin bu artım son illərdə sürətlənərək 1982-ci ildən bəri hər on ildə 0,20°C-ə çatıb. Mütəxəssislər bu tendensiyanın davam edəcəyi təqdirdə, əsrin ortalarına qədər qlobal temperaturun 1,5°C-dən 2°C-yə qədər yüksələcəyini proqnozlaşdırırlar. Bu artımın əsas səbəbi qalıq yanacaqların intensiv istifadəsidir.

Bununla belə, Roma Tor Verqata Universitetinin astronomiya və astrofizika üzrə dosenti Amedeo Balbi və Florida Texnologiya İnstitutunun köməkçi professoru Manasvi Linqamın apardığı araşdırmaya görə, bu istiləşmə yalnız qalıq yanacaq istehlakı ilə məhdudlaşmır.

Onlar öz araşdırmalarında qeyd edirlər ki, enerji istehlakının artması digər planetlərin yaşayış imkanlarını təhdid edir, bu, qabaqcıl sivilizasiyalar üçün qaçılmaz nəticədir.

Bu araşdırma "Tullantıların İstiliyi və Yaşayış qabiliyyəti: Texnoloji Enerji İstehlakından Yaranan Məhdudiyyətlər" başlığı ilə nəşr olunub və elm dünyasında böyük təsir göstərib. Tədqiqata görə, texnoloji fəaliyyətlər nəticəsində yaranan tullantı istilik uzunmüddətli perspektivdə planetlərin yaşayış həddini zorlaya bilər.

Linqam "Universe Today"a bildirib ki, mövcud tullantı istiliyinin miqdarı qlobal temperatura minimal təsir göstərir: "Lakin növbəti əsrdə bu istilik istehsalı sürətlə artarsa, təkcə tullantı istilik hesabına temperatur daha 1°C arta bilər. Bu, qalıq yanacaqların yaratdığı istixana effektindən asılı olmayaraq baş verə bilər".

Bu ideyanı əslində ilk dəfə 1969-cu ildə sovet alimi Mixail I. Budyko irəli sürüb. Budykonun araşdırmalarında insan fəaliyyəti nəticəsində yaranan istiliyin planetin təbii enerji balansını poza biləcəyi və ciddi iqlim dəyişikliklərinə səbəb ola biləcəyi irəli sürülüb.

O dövrdə aparılan hesablamalara görə, bəşəriyyətin enerji istehlakı bir neçə əsr ərzində Günəşdən gələn enerjiyə yaxın səviyyələrə çata bilər və planetin istiliyini geri dönməz şəkildə artıra bilər.

Bu gün aparılan araşdırmalar Budykonun proqnozlarını təsdiqləyir. Amedeo Balbi və Manasvi Linqamın araşdırmaları göstərir ki, bu proses digər inkişaf etmiş sivilizasiyalar üçün də keçərlidir.

Enerji istehsalı və istehlakı istər-istəməz tullantı istiliklə nəticələnir ki, bu da uzunmüddətli perspektivdə planetin iqlim balansına dağıdıcı təsir göstərə bilər.

Bu tapıntılar yadplanetli həyat formalarını tədqiq edən astrobioloqlar və SETI (Yerdənkənar Kəşfiyyat Axtarışı) üçün də mühüm təsirlərə malikdir. Araşdırmada bildirilir ki, qabaqcıl sivilizasiyaların enerji sərfiyyatı onların planetlərini qaçılmaz vəziyyətə salacaq və buna görə də onların uzun müddət sağ qalmaları çətin ola bilər.

Balbi və Linqam, inkişaf etmiş sivilizasiyaların enerji istehlakı səbəbindən 1000 il ərzində özlərini məhv edə biləcəyini ehtimal edirlər.

Bu, Fermi Paradoksu üçün izahat verə bilər. Fermi Paradoksu kainatda milyardlarla planetin olmasına baxmayaraq, niyə hələ də başqa sivilizasiyalarla qarşılaşmadığımız sualını ehtiva edir.

"Tədqiqatımızın nəticələri göstərir ki, tullantı istilik təkcə Yerdə deyil, digər ulduzların ətrafındakı planetlərdə də inkişaf etmiş sivilizasiyalar üçün əhəmiyyətli bir problem ola bilər" - deyə Balbi bildiri. Onun sözlərinə görə, bu, SETI tədqiqatında nəzərə alınmalı olan bir məhdudiyyət ola bilər.

Tədqiqatçılar bu problemi aradan qaldırmaq üçün bəzi mümkün həll yolları da təklif edirlər. Balbinin fikrincə, inkişaf etmiş bir sivilizasiya enerji istehlakını azaltmaqla və ya kosmosda texnoloji fəaliyyətlərini həyata keçirməyə başlamaqla bu təhlükəni gecikdirə bilər.

Enerji istehsalını daha səmərəli etməklə tullantı istiliyinin təsirini minimuma endirmək də mümkün ola bilər. Lakin bu həllərdən hansının daha uyğun olacağını proqnozlaşdırmaq çətindir.

Nəticə olaraq, bu araşdırma planetimizin gələcəyi üçün mühüm dərslər verir. Balbi və Linqamın araşdırmaları göstərir ki, təkcə Yer deyil, kainatdakı digər potensial sivilizasiyalar da oxşar problemlərlə üzləşə bilər.

Bəşəriyyət olaraq enerji istehlakımıza nəzarət etməsək, oxşar sonla üzləşə bilərik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu