Dünyanın ən kasıb 10 ölkəsindən 9-u Afrikadadır
Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü ilin aprel ayı Dünya İqtisadi Görünüşü hesabatındakı məlumatlara görə, dünyanın ən yoxsul 10 ölkəsindən 9-u Afrika qitəsindədir. İlk 3-lük isə Burundi, Cənubi Sudan və Malavidir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) 1992-ci ildə 17 oktyabr tarixini “Ümumdünya Yoxsulluğun Aradan Qaldırılması Günü” kimi qeyd etmək qərarına gəlib və bütün ölkələri yoxsulluğun aradan qaldırılmasında fəal rol oynamağa çağırıb.
Hər il bu tarixdə yoxsulluğa qarşı maarifləndirmə məqsədilə BMT çərçivəsində tədbirlər təşkil edilir. BMT-nin builki Ümumdünya Yoxsulluqla Mübarizə Gününün mövzusu “Sosial və institusional sui-istifadəyə son qoymaq"dır.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin saytında yer alan fakt vərəqinə görə, yoxsul insanlar vəziyyətlərinə və xarici görünüşünə görə təcrid olunurlar.
BMT-nin Baş katibi Antonio Quterreş 2024-cü ildə Ümumdünya Yoxsulluqla Mübarizə Günü ilə bağlı açıqlama verib. Bildirib ki, yoxsulluq bütün dünyada yüz milyonlarla insanı təsir edən qlobal epidemiyadır: "Lakin yoxsulluq qaçılmaz deyil. Bu, cəmiyyətlərin və hökumətlərin etdiyi və ya edə bilmədiyi seçimlərin bilavasitə nəticəsidir. Bu ilin mövzusu bizə deyir ki, insanlar bu vəziyyətə qərq olublar. Yoxsulluq sosial ayrı-seçkilik və həyati vacib xidmətlərə və dəstəyə çıxışı çətinləşdirən sistemli maneələrlə mübarizə aparır. Qlobal yoxsulluğa son qoymaq və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hökumətlərdən insanlara üstünlük verən institutları və sistemləri formalaşdırmağı tələb edir".
BVF-nin 2024-cü ilin Aprel Dünya İqtisadi Görünüşü hesabatında yer alan məlumatlara görə, ölkələrin adambaşına düşən ümumi daxili məhsulu (ÜDM) nəzərə alındıqda, dünyanın ən yoxsul 10 ölkəsindən 9-nun Afrika qitəsində yerləşdiyi görülür. Şərqi Afrikada yerləşən Burundi adambaşına təxminən 230 dollar ÜDM ilə dünyanın ən kasıb ölkəsidir. Eyni bölgədəki Cənubi Sudan və Malavi də adambaşına düşən ÜDM-i təxminən 421 və 480 dollar olmaqla dünyanın ikinci və üçüncü ən yoxsul ölkələridir.
Bu ölkələri təqribən 486 dollarla Yəmən, 526 dollarla Syerra-Leone, 537 dollarla Mərkəzi Afrika Respublikası, 538 dollarla Madaqaskar, 546 dollarla Sudan, 659 dollarla Mozambik və 670 dollarla Niger izləyir.