BMT: Bütün ölkələr İsrailin Fələstində qanunsuz mövcudluğuna son qoymağa borcludur
BMT başda olmaqla bütün ölkələr və beynəlxalq təşkilatlar beynəlxalq hüquqa uyğun olaraq İsrailin işğal olunmuş Fələstin torpaqlarında mövcudluğuna, qanunsuz hərəkətlərinə son qoymağa borcludurlar.
AFN.az xəbər verir ki, bunu işğal olunmuş Fələstin ərazilərində törədilən cinayətləri araşdıran Birləşmiş Millətlər Təşkilatının (BMT) Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası bəyan edib. Komissiya "İsrailin Fələstin ərazisində qeyri-qanuni mövcudluğu ilə bağlı hüquqi mövqe sənədi"ni açıqlayıb.
Bəyanatda İsrailin işğal olunmuş Fələstin torpaqlarında yürütdüyü siyasət və tətbiqlərdən irəli gələn hüquqi nəticələrlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) məsləhət rəyinin İsrailin orada mövcudluğunun beynəlxalq hüquq normalarına zidd olduğunu bildirdiyi vurğulanıb.
Komissiya sədri Navi Pillay vurğulayıb ki, qurum uzun müddətdir davam edən münaqişə və zorakılığın əsas səbəbinin İsrailin işğalı olduğunu hər zaman bəyan edib.
"Komissiya 2022-ci ildə BMT Baş Assambleyasına təqdim etdiyi hesabatda işğalın beynəlxalq hüquqa zidd olduğu qənaətinə gəlib. BMT sistemindəki ən yüksək məhkəmənin tarixi məsləhətçi rəyini alqışlamışıq" - deyə o bildirib.
Pillay vurğulayıb ki, ölkələr İsrailin Fələstin torpaqlarını işğalını davam etdirməsinə dəstək verməməlidir.