Cənubi Afrikada suitilərdə quduzluq aşkar edilib
Afrikanın cənub və cənub-qərb sahillərində yaşayan Keyp xəz suitilərində müşahidə olunan quduzluq epidemiyası dəniz məməliləri arasında rast gəlinən ilk quduzluq epidemiyasıdır.
Təxminən 2 milyon Keyp xəz suitilərinin Cənubi Afrika Respublikasından Anqolaya qədər uzanan minlərlə kilometr sahil xətti boyunca koloniyalarda yaşadığı təxmin edilir.
Qəhvəyi tüklü və uzunluğu 2 metrdən çox olan suitilərin ən böyük növləri arasında yer alan Keyp xəz suitilərindəki quduzluq epidemiyası elmi cəhətdən unikal bir nümunədir.
Cənubi Afrika Kənd Təsərrüfatı Nazirliyinin iyul ayında dərc etdiyi hesabata görə, suitilər arasında quduzluq epidemiyası ilk dəfə may ayında görülüb. Bununla belə, əvvəlki illərdə ölən suitilərdən götürülmüş nümunələrdən əldə edilən məlumatlar işığında ilk hadisə tarixinin 2022-ci ilə aid olduğu təxmin edilir.
Hesabatda iyul ayının sonu etibarilə Keyptaun və Plattenberq şəhərləri arasındakı sahil zolağında cəmi 17 yoluxmanın aşkar edildiyi və bu epidemiyanın dünya səviyyəsində dəniz məməliləri arasında ilk quduzluq epidemiyası olduğu bildirilib.
Keyptaunda fəaliyyət göstərən Hout Bay Fok Xilasetmə və Reabilitasiya Mərkəzinin rəsmisi Kim Heting iyul ayından bəri aşkarlanan 7 yoluxma ilə ümumi yoluxma sayının 24-ə yüksəldiyini söyləyib.
Bu epidemiyanın dəniz məməliləri arasında ilk dəfə müşahidə edildiyinə diqqət çəkən Heting "Dəniz məməliləri arasında quduzluq epidemiyası ilə bağlı elmi bir nümunə yoxdur və quduzluğun dəniz canlılarını necə təsir edəcəyi ilə bağlı heç bir şey bilinmir" deyib.
Mənbə: AA