KİV: İran İsraili əvvəllər istifadə etmədiyi silahlarla vuracaq
Tehran daha güclü döyüş başlıqları və əvvəllər istifadə olunmamış “silahlarla” İsrailə hücum hazırlayır.
Belə bir iddia ilə ABŞ-ın “Wall Street Journal” qəzetinə danışan İran və ərəb rəsmiləri çıxış ediblər.
Qəzetə danışan Misir rəsmisi İranın Qahirəyə özəl olaraq məlumat verdiyini və İsrailə cavabının “güclü və mürəkkəb” olacağı barədə xəbərdarlıq etdiyini deyib. Mənbələrin bildirdiyinə görə, İran dörd əsgər və bir mülki vətəndaşın həlak olduğu İsrail hücumlarına cavabı özünün öhdəliyi hesab edir.
Nəşrdə yer alan xəbərə görə, bu dəfə İran əvvəlki hücumlarda olduğu kimi raketlər və pilotsuz uçuş aparatları ilə kifayətlənməyəcək və istifadə edilən raketlər çox daha güclü döyüş başlıqlarına sahib olacaq.
Xəbərdə İran ordusunun da əməliyyata qatılacağı və onun İnqilab Keşikçiləri Korpusunun 13-14 aprel və 1 oktyabr tarixlərində həyata keçirdiyi raket hücumlarından fərqli olacağı vurğulanıb. Adı açıqlanmayan mənbələr İranın İsrailin hərbi obyektlərini keçən dəfəkindən daha aqressiv hədəf alacağını və bunun üçün İraq ərazisindən istifadə edə biləcəyini deyiblər.