İspaniyada güclü yağış və daşqınlar bu dəfə Jironanı vurub
İspaniyada oktyabrın 29-da başda Valensiya olmaqla ölkənin şərqini və cənubunu fəlakət zonasına çevirən güclü yağış və sel bu dəfə Jirona şəhərinə ziyan vurub.
İspaniyanın şimal-şərqindəki Jirona şəhərinin Kadaques rayonunda ötən gecə başlayan güclü yağışın səbəb olduğu sel ən azı 32 avtomobilə ziyan vurub.
Kataloniya Radiosuna danışan Kadaques bələdiyyə başçısı Pia Serinyana 2-3 saat davam edən güclü yağışın ciddi fəsadlar törətdiyini bildirib.
"Həyəcan siqnalı verilib, lakin insanlar avtomobillərini küçədə qoyub və sel maşınları aparıb", - deyə Serinyana bildirib.
Digər tərəfdən, Dövlət Meteorologiya İdarəsinin (Aemet) proqnozlarına görə, Kataloniyanın şimal-şərqində və İspaniyanın cənub-qərbində Kadiz şəhəri ətrafında güclü leysan və tufan gözlənildiyi açıqlanıb.
Mənbə: AA