Yeni Zelandiyanın Baş naziri dövlət və kilsədə istismara uğrayan qurbanlardan üzr istəyib
Yeni Zelandiyanın Baş Naziri Kristofer Lukson 1950-2019-cu illər arasında dövlət və ya kilsədə zorakılığa məruz qalmış yüz minlərlə uşaq və böyüklərdən üzr istəyib.
AFN.az xarici mətbuata istinadən xəbər verir ki, Lukson parlamentdəki çıxışında 70 il zorakılığa məruz qalan qurbanlar və onların ailələrindən rəsmən üzr istəyib.
Lukson qurbanların ifadələrinə inanılmamasından, işçilərin qurbanlara məhəl qoymamasından və dövlətin onların himayəsində olanları lazımi səviyyədə qorumamasından təəssüfləndiyini bildirib.
Təcavüzkarların məsuliyyətə cəlb edilməməsinə görə üzr istəyən Lukson bunun böyük səhv olduğunu deyib.
Yeni Zelandiyanın Kral Təhqiqat Komissiyası 1950-2019-cu illər arasında dövlətin və ya kilsənin himayəsində olan 655 min insandan təxminən 200 min uşaq və böyüklərin zorakılığa məruz qaldığını müəyyən edib.
Hesabatda zorakılığa məruz qalanların əksəriyyətinin yerli Maori xalqı olduğu ifadə edilib və zorakılığın miqyasının təxmin edilməz olduğu vurğulanıb.