ABŞ gürcü məmurlara və deputatlara qarşı viza məhdudiyyəti qoydu

ABŞ hakimiyyəti Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduqları üçün viza məhdudiyyəti qoyur, həmçinin əlavə sanksiyalar hazırlayır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin cümə axşamı yaydığı yazılı açıqlamada bildirilir.
“Dövlət Departamenti bu gün Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə viza verilməsinə qadağa qoyan viza məhdudiyyətləri siyasətinin bir hissəsi kimi əlavə tədbirləri elan edir. Bura hökumətdə nazir vəzifələrində çalışanlar, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının məsul şəxsləri, fiziki şəxslər daxildir”, - deyə açıqlamada qeyd edilir".
Açıqlamada məhdudiyyət qoyulan şəxslərin adları və vəzifəsi göstərilməyib.
Bəyanatda vurğulanır ki, Birləşmiş Ştatlar Gürcü Arzusu Partiyasının Gürcüstan vətəndaşlarına, o cümlədən etirazçılara, media işçilərinə, hüquq müdafiəçilərinə və müxalifət xadimlərinə qarşı əsassız zorakılığı və vəhşiliyini qətiyyətlə pisləyir. Dövlət Departamenti hesab edir ki, “Gürcü arzusu” Gürcüstanın vətəndaşlarının böyük əksəriyyətinin arzuladığı Avroatlantik gələcəyinə "arxa çevirib". Sənəddə vurğulanır: “Biz yüksək vəzifəli məmurların və ya demokratiyanın pozulmasında iştirak edən şəxslərin viza məhdudiyyətlərinə məruz qalmasını təmin etmək qərarına gəldik”.
Açıqlamada həmçinin deyilir ki, Birləşmiş Ştatlar sanksiyalar da daxil olmaqla əlavə tədbirlər hazırlayır. Departament xatırladıb ki, əvvəllər Amerika tərəfi artıq 100-dən çox insanı əhatə edən məhdudiyyətlər tətbiq edib. Bunlar “Gürcü Arzusu” ilə əlaqəli insanlar, eləcə də onların ailə üzvləridir.