İngiltərədə vegan pəhriz cinayəti: Ölən körpələrini bağçada basdırdılar
İngiltərədə "həddindən artıq vegan pəhriz" tətbiq edərək 3 yaşlı oğlunun ölümünə səbəb olan və daha sonra cəsədini evlərinin bağçasında basdıran cütlük ağır həbs cəzasına məhkum edilib. Tai və Naiyahmi Yasharahyalah səhhətində ciddi problemlər olmasına baxmayaraq, oğulları Abiyanı müalicə etməməkdə günahlandırılıblar.
2020-ci ildə yalnız qoz-fındıq, kişmiş və soya südündən ibarət pəhriz yeyən Abiya tənəffüs yolu xəstəliyindən dünyasını dəyişib.
Ölümündən əvvəl ağır qidalanma, raxit, qan azlığı və böyümə geriliyi kimi problemləri olan uşağın ailəsi tərəfindən sarımsaq və müxtəlif qarışıqlarla müalicə olunmağa çalışıldığı bildirilib.
Abiyanın cansız cəsədini 8 gün yatağında saxlayan cütlük bağçalarında 80 santimetr dərinlikdə olan məzara basdırıblar.
2022-ci ilin dekabrında Glastonbury bölgəsində karavanda yaşayarkən tutulan cütlüyün uşağın cəsədi ilə bağlı həqiqəti gizlətdikləri məlum olub.
Koventri Croun Məhkəməsində baxılan işdə cütlüyün Abiyanın ölümünə səbəb olmaqda və ədaləti təhrif etməkdə günahkar bilindiyi açıqlanıb. 42 yaşlı Tai Yasharahyalah 24,5 il, həyat yoldaşı 43 yaşlı Naiyahmi isə 19,5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə cütlüyün cəmiyyətdən uzaq öz qaydalarını təyin etdikləri “krallıq”da yaşadıqları və rəsmi səhiyyə xidmətlərindən imtina etdikləri bildirilib. Prokuror Jonas Hankin cütlüyün Abiyanın fiziki ağrılarına məhəl qoymamasının heyrətləndirici təkəbbür və qəddarlıq olduğunu söyləyib.
Prokuror İngiltərədə Abiya kimi qida çatışmazlığının demək olar ki, müşahidə edilmədiyini, lakin cütlüyün öz inancları naminə oğullarını və özlərini bu faciəli vəziyyətə sürüklədiklərini vurğulayıb.
Evdə aparılan araşdırmalar nəticəsində polis Abiyanın qalıqlarını müəyyən edib və hadisənin təfərrüatlarını ictimaiyyətlə bölüşüb. Cütlüyün əlaqəsiz həyat tərzi sosial xidmətlərin müdaxiləsini çətinləşdirib və bu, faciəli nəticəyə səbəb olub.
Mənbə: Independent