Suriyanın xarici işlər və müdafiə nazirləri BƏƏ-yə səfər edib
Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gəlib.
Bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Əl-Şibaninin rəhbərlik etdiyi nümayəndə heyətinə Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab daxildir. Agentliyin məlumatına görə, Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri BƏƏ-də ölkələr arasında əməkdaşlıq və koordinasiya perspektivlərini müzakirə edəcəklər.
BƏƏ respublikada hakimiyyət dəyişikliyindən sonra Suriya hökumət heyətinin səfər etdiyi üçüncü ölkə olub. Bir gün əvvəl Əl-Şibani, Əbu Kəsra və Xəttab Qətərə səfər edib və burada hökumət başçısı, Əmirliyin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüblər. Yanvarın əvvəlində onlar Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlar aparıblar. Suriya nümayəndə heyəti yaxın günlərdə İordaniyaya səfər etməyi planlaşdırır.