G7 sammiti Kanadada 15-17 iyunda keçiriləcək
Kanadada keçirilməsi planlaşdırılan Yeddilik Qrupu (G7) sammiti 2025-ci il iyunun 15-dən 17-dək keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Bildirilir ki, görüşün təşkilinə cavabdeh olan məsul şəxslər onun keçirilməsinin digər təfərrüatlarını hələlik gizli saxlayırlar. Telekanalın məlumatında qeyd edilir ki, Kalqari yaxınlığında yerləşən Kananaskisdə belə sammit ikinci dəfədir keçirilir. 2002-ci ildə bu kurort Rusiyanın üzvü olduğu o vaxtkı G8-in liderlərini qəbul edib.
2024-cü ilin dekabrında İtaliyanın sədrliyi altında keçirilən G7-nin son iclası zamanı Kanadanın 2025-ci ildə sədrliyə keçəcəyi və iyun ayında Kananaskisdə G7 sammitinə ev sahibliyi edəcəyi açıqlanıb, lakin tarixlər dəqiqləşdirilməyib.