Böyük Britaniya parlament komitəsi hökuməti Fələstini tanımağa çağırıb


Böyük Britaniya parlament komitəsi hökuməti müstəqil Fələstin dövlətinin tanınması üçün vaxt cədvəli hazırlamağa və İsrailin beynəlxalq hüquqa riayət etməsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.


Böyük Britaniya Parlamentinin Beynəlxalq İnkişaf Komitəsi Qəzzada humanitar vəziyyət, İordan çayının qərb sahilindəki hadisələr və köçkün fələstinlilərlə bağlı hesabatını dərc edib.

Hesabatda 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarına İsrailin cavab verməsinin böyük mülki itkilər və Qəzzanın mülki infrastrukturunun məhv edilməsi ilə nəticələndiyi bildirilib.

Beynəlxalq məhkəmələrin Qəzzada beynəlxalq hüququn pozulması riskinin olduğuna dair qərarlarına diqqət çəkən hesabatda “İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq humanitar hüququn pozulması ilə bağlı ittihamlara səbəb olacağına dair ağlabatan risk olduğuna inanırıq” qeyd edilib.

Hesabatda Böyük Britaniya hökumətindən müstəqil Fələstin dövlətinin tanınması üçün cədvəl elan etməyə çağırılıb və Fələstin dövlətinin tanınmasının davamlı sülh üçün vacib olduğu bildirilib.

Hesabatda Qəzzanın humanitar ehtiyaclarını qarşılamaq üçün hər gün 500 yardım maşınının bölgəyə girməsi lazım olduğu halda, bu rəqəmin orta hesabla 25-ə düşdüyü, İsrailin hava hücumlarından sonra pilotsuz təyyarələrlə mülki insanları hədəf aldığına dair iddiaların narahatlıq doğurduğu qeyd edilib.

Hesabatda İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdəki hərəkətləri də yer alıb. Xəbərdə 7 oktyabr 2023-31 oktyabr 2024-cü il tarixləri arasında bölgədə fələstinlilərə aid 1800 tikilinin İsrail tərəfindən söküldüyü bildirilərək, eyni dövrdə 736 fələstinlinin öldürüldüyü də vurğulanıb.

Hesabatda sözügedən dövrdə Fələstin torpaqlarını ələ keçirən israillilərin 1722 fələstinlini didərgin saldığına dair məlumatlar yer alıb.

Komitə həmçinin öz hesabatında vurğulayıb ki, Böyük Britaniya hökuməti İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməsini təmin etmək üçün əlindən gələni etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu