Tramp "TikTok" qadağasını gecikdirən sərəncam imzalayıb
ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə "TikTok"u ölkə daxilində qadağan edən qanunun icrasını 75 gün müddətinə dayandırmağı tapşırıb.
ABŞ Prezidenti Tramp Oval Ofisdə ilk imzalanma mərasimində bir neçə icra sərəncamı imzalayıb. Bu fərmanlardan biri "TikTok" qadağasının təxirə salınması olub.
Ağ Evin saytında dərc olunan sərəncama əsasən, Tramp Ədliyyə Nazirliyindən "TikTok" qadağasını 75 gün müddətinə dayandırmağı xahiş edib.
İcra sərəncamında deyilir ki, bu, milyonlarla amerikalının istifadə etdiyi kommunikasiya platformasının qəfil bağlanmasının qarşısını alacaq və hökumətə milli təhlükəsizliyi qoruyan müvafiq kursu təyin etmək imkanı verəcək.