Panama Trampın güc tətbiq edə biləcəyindən çəkinir

Panama hakimiyyəti ABŞ prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək üçün güc tətbiq edə biləcəyindən ehtiyat edir, çünki ölkənin nə ordusu, nə də ciddi müharibə təcrübəsi var.
AFN.az xəbər verir ki, bu barədə “Financial Times” adı açıqlanmayan yüksək vəzifəli Panama rəsmisinə istinadən yazıb.
“Biz narahatıq... Düşünürük ki, Tramp istədiyini əldə etməsə, bir növ qisas ola bilər. Odur ki, görək danışıqlar masasında nə ola bilər”, – nəşr rəsminin sözlərindən sitat gətirir.
Nəşrin yazdığına görə, az adam inanır ki, Tramp kanala nəzarəti bərpa etmək üçün Panamaya hərbi müdaxiləni ciddi şəkildə düşünür. "Financial Times"a görə, o, qoşun yeritmək əmri versə, cəmi 4,5 milyon əhalisi olan ölkə üçün böyük təhlükə olar. Çünki Panamanın ordusu yoxdur və müharibə təcrübəsi azdır.
Qəzetin yazdığına görə, Trampın Panama kanalı məsələsi ilə bağlı narahatlığı onun ilk administrasiyası dövründən başlayıb.