Tramp Kanada və Meksikadan idxal olunan mallara tarifləri bir ay təxirə salmağa razılaşıb
ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan idxala 25 faizlik tarifləri bir ay təxirə salmağa razılaşıb.
"NBC News" xəbər verir ki, bu, Amerika istehlakçıları üçün daha yüksək qiymətlərə səbəb ola bilər və ölkələrin iqtisadiyyatını ləngidə bilər.
Kanadanın Baş naziri Castin Trudo sosial media hesabında bildirib ki, Kanada sərhədini yeni vertolyotlar, texnologiya və personalla möhkəmləndirmək planına, həmçinin fentanil axınının qarşısını almaq üçün əlavə resurslara 1,3 milyard dollar xərcləyəcək. Kanada keçən ilin sonunda sərhəd və immiqrasiya nəzarətinə 1,3 milyard dollar sərmayə qoyduğunu açıqlayıb.
Tramp da qısa müddət sonra mesaj verərərk diqqəti fentanilə yönəltdi və tariflərin "Kanada ilə yekun iqtisadi razılaşma əldə edə biləcəyini görmək üçün 30 gün müddətinə dayandırılacağını" vurğuladı.
Səhər saatlarında Meksika prezidenti Klaudiya Şeynbaum sosial mediada Meksikadan ABŞ-a narkotik qaçaqmalçılığı, xüsusən də fentanillə mübarizə üçün 10,000 Milli Qvardiya əsgəri ilə şimal sərhədini dərhal gücləndirəcəyini açıqladı. Tramp isə öz növbəsində sosial media vasitəsilə ABŞ-ın dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutnikin rəhbərliyi altında Meksika ilə sərhəd təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirəcəyini bildirib.