KİV: Ukraynaya dəstək Avropaya daha 3,1 trilyon dollara başa gələcək
![](/uploads/posts/2025-02/ukrayna.jpg)
Ukraynaya dəstək vermək və öz silahlı qüvvələrini genişləndirmək Avropanın ən böyük ölkələrinə növbəti 10 il ərzində əlavə 3,1 trilyon dollara başa gələ bilər.
"Bloomberg Economics" bu təxminləri Pentaqonun rəhbəri Pit Heqsetin Avropaya öz təhlükəsizliyini öz üzərinə götürməli olduğu barədə xəbərdarlıq edən bəyanatı ilə bağlı gətirib.
Agentliyin hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələrinin bərpası 10 il ərzində təqribən 175 milyard dollara başa gələ bilər və bu, nizamlama əldə edilən zaman onun qoşunlarının vəziyyətindən asılıdır. 40 000 nəfərlik sülhməramlı qüvvə eyni müddət ərzində təxminən 30 milyard dollara başa gələcək.
"Bloomberg" yazır ki, vəsaitin əsas hissəsi NATO-nun Brüsseldəki mənzil-qərargahında aparılan son müzakirələrə uyğun olaraq, Aİ üzv dövlətlərinin silahlı qüvvələrinin gücləndirilməsinə və ümumi müdafiə büdcəsinin ÜDM-in 3,5%-nə qədər artırılmasına yönəldiləcək. Əlavə vəsait artilleriya ehtiyatlarının, hava hücumundan müdafiə sistemlərinin və raket sistemlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Borc hesabına maliyyələşdirilsə, NATO-nun beş ən böyük Avropa üzvü növbəti on il ərzində daha 2,7 trilyon dollar borc almağa ehtiyac duyacaq. Lakin "Bloomberg" analitiklərinin qənaətincə, Avropa yükün böyük bir hissəsini öz üzərinə götürməyə hazır deyil.