Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını beş maddə ilə genişləndirib.
AFN.az xəbər verir ki, bu, Britaniya hökumətinin saytında yenilənmiş siyahıda əksini tapıb.
Məhdudiyyətlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aşkar edilərsə, aktivlərin dondurulması daxildir.
Yeni sanksiyalar sahibkar Artem Çaykanı, Texniki və İxrac Nəzarəti Federal Xidmətinin direktoru Vladimir Selini, Rusiya Federasiyası müdafiə nazirinin müavini Pavel Fradkovu, Kirov-Enerqomaş zavodunu və "Rosatom Additive Technologies" şirkətini əhatə edir.
Bildirilir ki, Çaykanın sanksiya siyahısına daxil edilməsinə səbəb onun Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda bizneslə məşğul olan şirkətə sahib olmasıdır. Selin və Fradkov Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə xələl gətirən hərəkətlərə görə qara siyahıya salınıb. “Rosatom Additive Technologies” və “Kirov-Enerqomaş” Rusiya müdafiə sektoruna dəstək verdiyi üçün məhdudiyyətlərə məruz qalıb.
Ümumilikdə Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına 1700-dən çox fiziki və 384 hüquqi şəxs daxildir.