Şolz Kiyevə hərbi yardımı maliyyələşdirməyin yollarını axtarır

Almaniya kansleri Olaf Şolz hesab edir ki, Kiyevə hərbi yardımı maliyyələşdirmək üçün borc əyləcini (büdcədən daxil olandan çox xərcləməyi qadağan edən qayda) yumşaltmaq məqsədilə Ukraynadakı münaqişə ilə bağlı fövqəladə vəziyyət elan oluna bilər.
Münhen Təhlükəsizlik Konfransında çıxış edən kansler, "Avropanın mərkəzində müharibə fövqəladə haldır" deyə bildirib. Onun sözlərinə görə, Almaniya Konstitusiyası belə bir fövqəladə vəziyyət zamanı borc əyləcinin yumşaldılması imkanını nəzərdə tutur. "Mən əminəm ki, Bundestaqdakı əksəriyyət 23 fevralda keçiriləcək seçkilərdən sonra bunu dəstəkləyəcək", - deyə Şolz qeyd edib.
Kiyevə silah tədarükünün necə maliyyələşdirilməsi məsələsi Almaniyada hakimkoalisiyada parçalanmaya səbəb olub. Keçmiş maliyyə naziri Kristian Lindnerin başçılıq etdiyi Azad Demokratlar partiyası borc əyləcinin yumşaldılmasına qarşı çıxıb, Şolz isə əks fikirdədir.
2025-ci il büdcə razılaşmasına əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmalıdır ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur. Lakin büdcə layihəsi hələ də Bundestaq tərəfindən təsdiqlənməyib.