Uelsdə bir nəfər mikroavtobusu Fələstin tərəfdarı etirazçıların üzərinə sürüb

Uelsin paytaxtı Kardiffdə bir nəfər mikroavtobusunu Fələstinlə həmrəylik nümayiş etdirən nümayişçilərin üzərinə sürüb.
Kardiff Universitetinin Fələstin Həmrəylik Platforması (CU4P) universitetin İsrailə dəstək verən qurum və şirkətlərlə əməkdaşlığına etiraz olaraq rektorluq binasının yerləşdiyi Park Pleys küçəsində nümayiş keçirəcəyini açıqlayıb.
Platforma yolu bağlayaraq nümayiş keçirəcəyini açıqlayıb. "Cardiff University TV"nin İnstaqram hesabında aksiyadan görüntülər paylaşılıb.
Görüntülərdə sürücünün Park Pleys küçəsində keçirilən etiraz aksiyası zamanı mikroavtobusunu Fələstin tərəfdarı etirazçıların üzərinə sürməsi əks olunub.
Görüntülərdə bəzi etirazçıların zərbə nəticəsində yerə yıxıldığı, digərlərinin isə avtomobilin qarşısını almaq üçün maşının qarşısına keçdiyi görünür.
CU4P hadisə ilə bağlı verdiyi açıqlamada, avtomobilin əksəriyyəti tələbələrdən ibarət olan kütləyə çırpıldığını söyləyib.
Bəyanatda "Dinc nümayişlərə qarşı zorakılıq qətiyyən qəbuledilməzdir. Sürücü qanunun bütün ağırlığı ilə üzləşməlidir. Bu hərəkət tamamilə dinc nümayişçilərə zərər vermək və qorxu aşılamaq məqsədilə həyata keçirilən terror aktıdır. Bu, ifadə azadlığına qarşı bir hərəkətdir" qeyd edilib.
Kardiffdən məsul olan Cənubi Uels polisi hadisə ilə bağlı heç bir şikayətin edilmədiyini və ölən və ya yaralananların olmadığını bildirib.