Yanvarda Avropada "Tesla" satışları kəskin azalıb

Bazar dəyəri 1 trilyon dolları keçən və qlobal avtomobil sənayesindəki digər böyük şirkətlərin ümumi dəyərinə çatan "Tesla"nın son dövrlərdə Avropa ölkələrində satışları azalır.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar ayı üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb.
Məlumatlara görə, amerikalı milyarder İlon Maska məxsus "Tesla" şirkətinin avtomobil satışları Avropa ölkələrində xeyli azalıb.
Ötən ilin yanvar ayında 18 161 ədəd olan "Tesla" satışları bu ilin eyni dövründə 45,2 faiz azalaraq 9 945 ədəd olub.
Tesla satışları demək olar ki, bütün Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada azalır.