Suriyada Milli Dialoq Konfransının iclasları başa çatıb

Suriyanın paytaxtı Dəməşqdə 600-dən çox qonağın iştirakı ilə keçirilən Milli Dialoq Konfransının iclasları başa çatıb.
Dəməşqdəki Xalq Sarayında səhər saatlarında başlayan və gün ərzində müxtəlif seminarların keçirildiyi konfrans yekun bəyanatla yekunlaşıb.
Bağlanış mərasimində Suriya prezidenti Əhməd Şara və hökumət rəsmiləri iştirak ediblər.
Hazırlıq Komitəsinin sədri Huda Əl-Atasi yekun bəyannaməni oxuyub.
Bəyannamədə bildirilirib ki, ölkənin parçalanmasına və ya hər hansı ərazisinin verilməsinə qəti şəkildə qarşı çıxmaq lazımdır.
Bəyanatda İsrailin Suriyanın suverenliyinə qarşı hücumları pislənərək, İsrailin pozuntularının ölkənin suverenliyinə açıq hücum olduğu vurğulanıb.
Bəyannamədə işğala dərhal və qeyd-şərtsiz son qoyulması, İsrailin baş naziri Binyamin Netanyahunun təxribat xarakterli bəyanatlarının rədd edilməsi və beynəlxalq ictimaiyyətin Suriya xalqına qarşı hücumların dayandırılması üçün məsuliyyət daşıması tələb edilib.
Keçid dövründə konstitusiya boşluğunun doldurulması üçün müvəqqəti konstitusiya bəyannaməsinin elan edilməsinə diqqət çəkən bəyannamədə səlahiyyət və ədalətli təmsilçilik prinsiplərinə uyğun olaraq müvəqqəti qanunvericilik məclisinin yaradılması təklif edilib. Bildirilib ki, daimi konstitusiya layihəsini hazırlamaq üçün komissiya yaradılmalıdır.
Bəyannamədə həmçinin ifadə azadlığının, insan hüquqlarına hörmətin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, etnik mənsubiyyət, din və məzhəb zəminində ayrı-seçkiliyin rədd edilməsi məsələləri də diqqətə çatdırılıb.
Bəyannamədə zorakılığın, nifrət nitqinin və intiqamçı yanaşmaların rədd edilməli olduğu və sosial sülhün təmin olunması üçün addımların atılmasının vacibliyi vurğulanıb.
Siyasi iştirakçılığın genişləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin siyasi proseslərə daxil olmasını təmin edən qanunların qəbul edilməsi tövsiyə olunub.
Bəyannamədə iqtisadi inkişafı sürətləndirmək üçün tətbiq edilən sanksiyaların aradan qaldırılmasına çağırış edilib, vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklənməsi, cəmiyyətdə dialoq mədəniyyətinin gücləndirilməsinin vacibliyi çatdırılıb.
Bəyannamədə vətəndaşlıq prinsipinin gücləndirilməsi və dövlət qurumlarında islahatların aparılması və təhsil sisteminin inkişafı vurğulanıb.
Bəyannamədə dövlətin silahdan istifadə səlahiyyətinin məhdudlaşdırılmasının və peşəkar milli ordunun yaradılmasının vacibliyi vurğulanıb və rəsmi qurumlardan kənarda olan bütün silahlı birləşmələrin qeyri-qanuni qruplar kimi qiymətləndirilməsi qeyd edilib.
Konfransın sonunda yekun bəyannamənin Suriyanın azadlıq, ədalət və qanunun aliliyinə əsaslanan yeni gələcəyinə dair öhdəlik olduğu bildirilib.