İndoneziya Netanyahunun müstəqil Fələstin dövlətinə qarşı çıxışını rədd edir
İndoneziyanın xarici işlər naziri Retno Marsudi İsrailin Qəzzaya hücumlarının sona çatmasından sonra İsrailin baş naziri Binyamin Netanyahunun müstəqil Fələstin dövlətinin yaradılmasına qarşı çıxmasına reaksiya verib.
Marsudi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında keçirilən Fələstinlə bağlı yüksək səviyyəli sessiyada çıxış edib.
Fələstinə dərhal BMT-yə tam üzvlüyünün verilməsi lazım olduğunu vurğulayan Marsudi, "Bu, iki dövlətli həll mövzusunda ədalətli və balanslı bir araşdırmaya başlamaq və İsrailin vəhşi təcavüzünü dayandırmaq üçün vacibdir" - deyə çıxışını davam edib.
Netanyahunun müstəqil Fələstin dövlətinin qurulmasına qarşı çıxmasını "qəbuledilməz" adlandıran Marsudi bildirib ki, İndoneziya bu bəyanatı qəti şəkildə rədd edir: "Bu bəyanat İsrailin Fələstini dünya xəritəsindən silmək kimi son hədəfini təsdiqləyir".
İndoneziya XİN rəhbəri beynəlxalq ictimaiyyəti günahsız mülki insanları öldürmək üçün istifadə oluna biləcəyini əsas gətirərək İsrailə silah axınını dayandırmağa çağırıb. "İsrail Qəzzadakı vəhşilik də daxil olmaqla, hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Heç bir xalq hüquqdan üstün deyil" - deyə Marsudi qeyd edib. O, həmçinin Qəzzadakı humanitar vəziyyətin həllinə imkan verəcək atəşkəsə və Yaxın Şərqdə genişmiqyaslı müharibədən qaçmaq və iki dövlətli həll prosesinin davam etdirilməsinə şərait yaratmaq üçün münaqişədən sonra yenidənqurma işlərinin başlanmasına çağırıb.