"Fənərbağça"nın ikinci prezidenti Acun Ilıcalının 5 il 3 aya qədər həbsi istənilir

Türkiyədə qeyri-qanuni mərc oyunlarını reklam edərək insanları həvəsləndirdiyi iddia edilən Acun Ilıcalı da daxil olmaqla 8 şübhəlinin 5 il 3 aya qədər həbs cəzasına məhkum edilməsi istənilir.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, qeyri-qanuni mərc oyunları reklam edərək insanları həvəsləndirdiyi iddia edilən "Fənərbağça" idman klubunun ikinci prezidenti Acun Ilıcalı, onun TV8 televiziya kanalı və “Exxen” rəqəmsal platformasının məsul şəxsləri ilə bağlı istintaq tamamlanıb. İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə Acun Ilıcalı da daxil olmaqla 8 nəfər “şübhəli” kimi yer alıb.
Onlar müdafiələrində matç yayımlarının müqaviləli təşkilatlar və ya idman klubları tərəfindən təmin edildiyini, bağlanmış müqavilələr çərçivəsində matç yayımlarını birbaşa və müdaxilə etmədən yayımlamağa borclu olduqlarını, matçın yayımını təmin edən təşkilat və ya klubun yayımın məzmunu barədə yayımçıya məlumat vermədiklərini, qeyri-qanuni mərc reklamlarını senzuraya salacaq şəkildə matçın yayımlanmasının da texniki cəhətdən mümkün olmadığını, bu səbəbdən, bir çox yayımları, o cümlədən, qeyri-qanuni mərc reklamlarının nümayiş olunduğu matçları yayımlamaq məcburiyyətində qaldıqlarını bildiriblər.
Hazırlanan iddianamədə 19 noyabr 2024-cü il tarixində Çernoqoriya - Türkiyə futbol matçının "EXXEN" loqosu ilə yayımlandığı, virtual reklam texnikalarından istifadə edilməklə, stadionun reklam lövhələrində və hər iki qolun yanında lisenziyasız və qeyri-qanuni mərc saytlarının reklamlarının yerləşdirildiyi müəyyən edilib.
Media xidmət provayderlərinin təqdim etdikləri bütün yayımların müvafiq qanunvericiliyə uyğun olmasına tam cavabdeh olduğu qeyd edilən ittiham aktında göstərilir ki, zaman-zaman media xidmət təminatçıları tərəfindən meydanın kənarında yerləşdirilən reklam bannerlərinin yayım təşkilatı kimi onların nəzarəti altında olmadığı, bununla belə, klubun təşəbbüsü ilə və ya heç bir məsuliyyət daşımadığı iddia edildiyi, lakin sözügedən yayımların Türkiyəyə çıxışı media xidməti təminatçısı tərəfindən təmin olunduğu və yayımlanan məzmununa görə yayımçının məsuliyyət daşıdığına dair açıq-aydın qənaət var.
Hazırlanan ittihamnamədə, edilən təsbitlərə uyğun olaraq, aralarında “TV8 TV Nəşriyyat A.Ş.” və “Exxen Rəqəmsal Nəşriyyat A.Ş.”nin idarə heyətinin sədri Acun Ilıcalı ilə yanaşı, idarə heyəti üzvləri, məsul menecerlər, baş redaktor və şirkətlərin yayım direktorları da daxil olmaqla 8 şübhəli barəsində ittiham irəli sürülüb.
Hazırlanan iddianamədə, şübhəlilər Acun Ilıcalı, Aslı Yaşaroğlu, Atilla Celiloğlu, Burcu Batu Fakir, Bülent Uçak, Ebru Atasav Tahrancı, Mustafa Tarık və Ümmü Burhan barəsində zəncirvari şəkildə reklam etmək və başqa şəkildə idman tədbirlərinə sabit əmsallı mərclər qoymaq, insanları birgə mərc və ya şans oyunları oynamağa təşviq etmə cinayətinə görə 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası istənilib.