Ağadadaş Ağayevə hökm oxundu

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.