ASK-nın Turizm komissiyasının iclası keçirilib


Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın iclası keçirilib.


Bu barədə AFN.az-a komissiyadan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Bakıda fəaliyyət göstərən "Safran" hotelində baş tutan iclasda komissiyanın yeni nizamnaməsi, sektorda kadrların hazırlanması ilə bağlı uğurlar barədə məlumat verilib.
ASK-nın "Turizm və xidmət üzrə iş" komissiyasının sədri Ruslan Quliyev bildirib ki, konfederasiya 50-dən çox ölkədə analoji strukturlarla əməkdaşlıq edir və 25 ölkədə nümayəndəliyə malikdir. Ölkədə daxilində isə dövlət-biznes dialoqunda mühüm yer tutan bir qurumdur. Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən assosiasiyaların rəhbərləri "Turizm və xidmət üzrə iş" komissiyasının üzvləri sırasındadır və bu da turizm sahəsində düzgün analizlərin aparılmasına, bu sahədəki mövcud nöqsanların aşkarlanmasına və hökumətə lazımi tövsiyələrin hazırlanıb çatdırılmasına şərait yaradır. Komissiya üzvləri aktiv şəkildə beynəlxalq və yerli tədbir, seminar, konfrans və təlim proqramlarında aktiv iştirak edirlər.
Eyni zamanda iclas iştirakçıları komissiyanın xətti ilə Sumqayıtda yeni yaradılan "Turan" Qastroturizm Akademiyası barədə məlumatlandırılıb. Bildirilib ki, akademiya Azərbaycanda restoran və hotel sektorunda xidmətin keyfiyyətində mövcud problemləri həll etmək üçün turizmin müxtəlif istiqamətləri üzrə xidmət personalının hazırlanması məqsədilə yaradılıb. “Turan” Qastroturizm Akademiyasında 11 ixtisas üzrə mütəxəssislər hazırlanır. Bunun üçün Türk Əməkdaşlıq və Kordinasiya Agentliyi Başqanlığının (TİKA) dəstəyi ilə Türkiyənin Səlcuk, 18 Mart universitetləri ilə əməkdaşlıq edilir. Diqqətə çatdırılıb ki, “Turan” Qastroturizm Akademiyasına tələbələr üç istiqamətdən cəlb olunur: Dövlət Məşğulluq Agentliyi və Dövlət Peşə Agentliyi ilə əməkdaşlıq çərçivəsində, turizm şirkətləri, hotel və restoranlardan gələn sifarişlər əsasında və nəhayət, sərbəst kanallar vasitəsilə müraciət edənlər.
ASK-nın "Turizm və xidmət üzrə iş" komissiyasının sədr müavini Ceyhun Aşurov bildirib ki, ASK-nın tərkibində fəaliyyət göstərən turizm komissiyası bu sektorun inkişafının monitorinqini keçirir, müzakirələr aparır və hökumətə turizmin inkişafı ilə bağlı tövsiyələr təqdim edir. O əlavə edib ki, konfederasiya öz fəaliyyəti çərçivəsində ölkədə sahibkarlara qeyri-maliyyə dəstəyi göstərir, xüsusilə treninqlər, seminarlar keçirir, konsaltinq xidmətləri göstərir, eləcə də iş adamlarının maraqlarını yerli və beynəlxalq səviyyədə təmsil edir.
İclasda həmçinin Azərbaycanda turizmin inkişafına dəstək verəcək bir sıra təkliflər səsləndirilib, onların ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim edilməsi qərara alınıb.
Sonda öz fəaliyyəti ilə komissiyanın işinə verdiyi töhfələrə görə bir sıra üzvlər təşəkkürnamə ilə təltif edilib. "PFM catering" şirkətinin həmtəsisçisi Fırat Dursuna isə ASK üzvlüyünə dair sertifikat təqdim olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu