Pentaqon Litvada dörd ABŞ əsgərinin öldüyünü təsdiqləmir

Pentaqon hazırda planlaşdırılmış təlimlərdən sonra Litva ordusunun Pabrade poliqonundan qayıdarkən dörd amerikalı hərbçinin həlak olması ilə bağlı məlumatı təsdiqləməyə hazır deyil, çünki onların axtarışları hələ də davam edir.
AFN.az xəbər verir ki, bunu TASS-a ABŞ Quru Qoşunlarının rəsmi nümayəndəsi bildirib.
"Biz bu xəbərləri təsdiq edə bilmərik. İtkin düşən əsgərlərin axtarışları davam edir", - o, amerikalı əsgərlərin ölümü ilə bağlı məlumatı şərh edərkən qeyd edib.
Pentaqon M88 zirehli xilasetmə maşınının aşkar edildiyini təsdiqləyib. Xəbər verildiyi kimi, Amerika hərbçiləri təlimləri axşam saatlarında tərk ediblər. ABŞ ordusunun bəyanatında bildirilir ki, zirehli maşın təlim zonasında su hövzəsində tapılıb.
Litvanın müdafiə naziri Dovile Şakaliene bildirib ki, amerikalı hərbçilərin axtarışı gecələr də davam etdiriləcək.