HƏMAS Qəzza zolağında atəşkəs təklifini Qahirədə müzakirə edəcək

HƏMAS hərəkatının nümayəndə heyəti Misirin Qəzza zolağında atəşkəslə bağlı təklifini müzakirə etmək üçün yaxın saatlarda Qahirəyə gələcək.
AFN.az xəbər verir ki, bu barədə Misir mediasında məlumat verilib.
Bildirilir ki, planlaşdırılan məsləhətləşmələr zamanı Misirin Qəzza zolağında atəşi dayandırmaq üçün vasitəçilik səyləri, Misirin atəşkəs təklifi və girovların qismən dəyişdirilməsi müzakirə olunacaq. Bir aydan az müddətdə dördüncü olan bu təklif biri Amerika vətəndaşı olan doqquz israilli girovun azad edilməsini və Qəzza zolağında öldürülən üç amerikalı girovun cəsədinin təhvil verilməsini tələb edir. İsrail plana əsasən, yüzlərlə fələstinli məhbusu azad edəcəyini və atəşkəsi 70 gün uzatmağı öhdəsinə götürür. Bu müddət ərzində atəşkəsin ikinci mərhələsi üzrə danışıqların bərpa ediləcəyi, humanitar yardım və yanacağın idxalına icazə veriləcəyi, sərhəd keçidlərinin açılacağı, İsraildə qalan fələstinli məhbusların taleyi ilə bağlı məlumatların veriləcəyi gözlənilir.
Bundan əlavə, mediada dərc edilən məlumatlara görə, Misir tərəfi HƏMAS nümayəndə heyəti ilə FƏTH hərəkatının fraksiyalar arasında parçalanmaya son qoymaq və Fələstin rəhbərliyini birləşdirmək təklifini müzakirə etmək niyyətindədir. FƏTH Mərkəzi Komitəsinin katibi Cibril Racubun da daxil olduğu Fəth rəhbərliyinin nümayəndə heyəti aprelin 5-də Qahirəyə səfər edib və Misirin xarici işlər naziri Bədr Əbdül Ataya mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün öz baxışını təqdim edib.