KİV: ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb

ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 38 nəfər ölüb, 102 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilir ki, Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən və neft terminalının olduğu Ras İsa limanı cümə günü gecə havadan hücuma məruz qalıb. Orada böyük yanğın baş verib. ABŞ Hərbi Hava Qüvvələri ən azı 14 reyd həyata keçirib və bu reydlər həkimlər və mülki müdafiə personalı bomba partlayışı yerinə gəldikdən sonra davam edib. Tibb işçiləri arasında da ölüm halları var.
Bundan əvvəl 33 nəfərin öldüyü, 80 nəfərin yaralandığı barədə məlumat daxil olub.
ABŞ Mərkəzi Komandanlığı da öz növbəsində Ras İsa limanının dağıdılması barədə məlumat verib. Bildirilir ki, bu, üsyançıları neft məhsullarının satışından və yanacağa çıxış imkanlarından “qanunsuz gəlir”dən məhrum edib.