ABŞ Yəmənə hava zərbələri endirib

Yəməndə İranın dəstəklədiyi husilər İsrailə hərtərəfli hava blokadası tətbiq edəcəklərini elan etdikdən sonra ABŞ paytaxt Səna və şimaldakı Səada şəhərinə hava zərbələri endirib.
Husilərə məxsus Əl Məsirə televiziyasında yer alan xəbərə görə, ABŞ döyüş təyyarələri paytaxt Sənanın müxtəlif bölgələrinə 6 hava hücumu həyata keçirib.
Xəbərdə ABŞ-a məxsus döyüş təyyarələrinin Sənanın Beni Həşiş rayonunun əl-Malikə bölgəsi və Şuub bölgəsinin Saavan bölgəsini vurduğu və ölkənin şimalındakı Səada şəhərinin şərqinə üç hava hücumu təşkil edildiyi bildirilib.
Xəbərdə insan tələfatı və dağıntılar barədə heç bir məlumat verilməyib.