Özəl məktəblərdə müəllim imtahanları: Şəffaflıq varmı?

Bəzi özəl məktəblər tez-tez müəllim qəbulu üçün imtahanlar təşkil edir. Maraqlıdır ki, 1-2 vakansiya üçün yüzlərlə müəllim müraciət edir və bu imtahanlar pulsuz deyil.
AFN.az xəbər verir ki, bu barədə jurnalist, İTV-nin "Sabaha saxlamayaq" verilişinin aparıcısı Urfan Məmmədli öz sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, əvvəllər imtahan üçün ödənişi normal qarşılayırdı:
“Düşünürdüm ki, qeydiyyat xarakterlidir və müraciət edən şəxsdə məsuliyyət yaradır. Lakin bu imtahanların keçirilməsi artıq xroniki hal alıb. Bir vakansiya üçün bu qədər imtahanın keçirilməsi düşündürücüdür.”
Urfan Məmmədli əlavə edib ki, işsiz müəllimlər bəzən borc alaraq bu imtahanlara qatılır:
“Onlar bu imtahanlara böyük ümidlərlə gedirlər. Amma özəl məktəblər ayda 2-3 dəfə imtahan keçirir. Həqiqətənmi yüzlərlə müəllim arasından biri də uyğun deyil? Yoxsa bu, sadəcə asan gəlir mənbəyi kimi istifadə olunur?”
Onun sözlərinə görə, imtahan nəticələri ilə bağlı ictimaiyyətə şəffaf hesabat təqdim edilməməsi də ciddi problemdir:
“Bəlkə heç vakansiya yoxdur? Nəzarət mexanizmi haradadır? MİQ imtahanından keçən, lakin bölgəyə getmək istəməyən müəllimlər var ki, özəl məktəbdə uğurla imtahan verir, amma heç bir cavab almır. Sadəcə ‘nəticələr bizi qane etmədi’ deyilir.”